Bakı. 5 mart. REPORT.AZ/ İdman ictimaiyyəti 5 Mart Bədən Tərbiyəsi və İdman gününün növbəti ildönümünü qeyd edib. "Report"un məlumatına görə, bu münasibətlə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, nazirliyin digər əməkdaşları, federasiya rəsmiləri və idmançılar əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub.
Jurnalistlərə açıqlama verən nazir müavini İsmayıl İsmayılov deyib ki, Azərbaycanda idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "2014-cü ildə ölkədə 60-a yaxın beynəlxalq yarış təşkil olunub. Eyni zamanda idmançılarımız keçən il ərzində 805 medal qazanıblar. Bu da dövlətimizin idmana göstərdiyi diqqətin bariz nümunəsidir. Həmçinin regionlarda 41 Olimpiya kompleksi fəaliyyət göstərir. Bu da idmanın kütləviliyinin artmasında, eləcə də yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq olmasında əhəmiyyətini artırır. Əminəm ki, gənclərimiz daha sağlam olmaq üçün daim idmanla məşğul olacaqlar".
Nazir müavini I Avropa Oyunlarının keçirilməsinin ölkə tarixində bir ilk olduğunu xatırladaraq, tədbirin yüksək səviyyədə keçiriləcəyini və digər ölkələrə nümunə olacağını əlavə edib.
Tədbirin sonunda velosipedçilərin iştirakı ilə yürüş təşkil olunub.