İdman Veteranları İttifaqının sədri: "Həyatım boyu belə axmaq il olmayıb"

İdman Veteranları İttifaqının sədri: "Həyatım boyu belə axmaq il olmayıb" Bütün idman növləri hazırda çox çətin vəziyyətdədir.
Fərdi
1 İyul , 2020 16:29
İdman Veteranları İttifaqının sədri: Həyatım boyu belə axmaq il olmayıb

"Bütün idman növləri hazırda çox çətin vəziyyətdədir". 

Bunu "Report"a açıqlamasında İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov deyib. 

Hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi olan 85 yaşlı mütəxəssis idmançıların uzun müddət onlayn məşq etdiklərini bildirib. Məmmədov bunun idmançılara pis təsir edəcəyini vurğulayıb: "Onlayn məşqlə axı nə etmək olar? Hazırda ölkədə xüsusi karantin rejimi iyulun 5-dəkdir, daha iki həftə uzatmaq istəyirlər".

Federasiya rəsmisi bir həftə ərzində 3 veteran idmançının rəhmətə getdiyini söyləyib: "Milli Olimpiya Komitəsində işləyən Çingiz Şamilovu da itirdik. Bu gün onun 3 mərasimidir. Evdən çıxmaq üçün isə 2 saatlıq vaxt var. Kim gedə bilər? Gör nə pis vaxta düşür ki, camaat rəhmətə gedir. Basdırmaq da mümkün olmur".

İdman Veteranları İttifaqının sədri Tokio Yay Olimpiya Oyunlarının da pandemiyaya görə təxirə salındığını xatırladıb: "Avqustun 2-də 85 yaşım olacaq. Hələ ki, həyatım boyu belə axmaq il olmayıb. Bilinmir ki, bu zəhrimar virus bu il bitəcək ya yox. Bilmirsən dərdini kimə deyəsən. Biri deyir virus həqiqətdir, biri deyir yalandır. Amma, doğrudan da, virus var. Eşitdiyimə görə, Atletlər Kəndinə aparılmış xəstələrə deyiblər ki, oranı boşaldın, evinizdə sağalın, təzə xəstələr gələcək. Belə şey olar? Əgər, doğrudan da, belədirsə, evdəkiləri də xəstələndirə bilərlər axı. Bu vəziyyətdə insanlar heç idmanı fikirləşə bilmir".

Məmmədov koronavirusdan qorumaq üçün bütün tədbirləri gördüyünü sözlərinə əlavə edib: "Mənim oğlum və nəvələrimin hamısı Bilgəhdə bağdadır, mən isə şəhərdəyəm və təkəm. Əsas odur ki, maska taxıram və qorunuram". 

Son xəbərlər

Orphus sistemi