Yuxarı

Heybətulla Hacıəliyev: "Avropa Oyunlarının bir hissəsi olmaq istərdik"

WSB Liqasında lisenziya qazana bilməsəm, yığma komandanın heyətində məşqlərə qoşulacağam

Bakı. 17 yanvar. REPORT.AZ/ Azərbaycan milli komandasının boksçusu, 2011-ci il Avropa çempionatının bürünc mükafatçısı, 2012-ci il London Yay Olimpiadasının iştirakçısı və "Baku Fires" klubunun heyətində Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan Heybətulla Hacıəliyevin "Report"a müsahibəsi:


- İtaliyanın "İtalia Thunder" komandasının üzvü Vinçentso Mangiakapre ilə döyüşə çıxacaqsınız. Həmin boksçu olimpiada mükafatçısı olub, 2011-ci ildə Bakıda keçirilmiş dünya çempionatında medal qazanıb. Onunla döyüş çətin olmayacaq?
- Onunla bir dəfə məşq vaxtı döyüşmüşəm. Onda heç də zəif təsir bağışlamadım. Rəsmi yarışlarda üz-üzə gəlməsək də, inanıram ki, qələbə qazanacağam.

- Ümumiyyətlə, rəqibiniz hansı üslubda döyüşür?
- Hücum üslubunda döyüşən boksçu deyil. Əsasən rinqdə qaçmağa üstünlük verir. Çox hərəkətli və cəld idmançıdır. Əvvəllər 69 kq çəki dərəcəsində çıxış edirdi. İndi 64 kq çəkidə vuruşacağıq. O, çəkisini azaldıb və bu, təbii ki, Vinçentsonun döyüşünə müəyyən qədər təsir göstərəcək.

- Bu il əsas məqsədiniz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. WSB Liqasından 64 kq-da 2 boksçuya lisenziya veriləcək. Necə düşünürsünüz, bu, çətin olmayacaq?
- Evdə vuruşduğum üçün üstünlüyüm var. Bu gün Vinçentso üzərində qələbə qazanacağıma inanıram. Ümid edirəm ki, lisenziya qazana biləcəyəm. Amma WSB-dən olimpiadaya vəsiqə almasam belə, qarşıda başqa yarışlar da var.

- İyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında ola bilər ki, siz də milli komandanın heyətində çıxış etdiniz. WSB turniri apreldə başa çatacaq. Bu cür sıx qrafik sizin üçün çətin olmayacaq?
- Təbii ki, ağır olacaq. Apreldə çempionat başa çatacaq və 1 həftə istirahədən sonra yenidən məşqlərə start verəcəyik. Nə etmək olar? Təqvim belədir. Biz hamımız arzu edirik ki, Avropa Oyunlarında iştirak edək. Bu yarış Bakıda olduğundan, yalnız medal haqda düşünürük.

- Avropa Oyunları sizin üçün nə dərəcədə vacib yarışdır?
- Açığı, hələ bu haqda düşünmürəm. Hazırda ən vacibi Rio olimpiadasına lisenziya qazanmaqdır. Amma Avropa Oyunları tarixdə ilk dəfə keçirilir və biz də onun bir hissəsi olmaq istərdik.

- Oktyabrda Qətərdə dünya çempionatı keçiriləcək. Yəni, WSB-dən lisenziya ala bilməsəniz, bu çempionatda iştirak edəcəksiniz...
- Hələ ki, bütün diqqətimi WSB Liqasına yönəltmişəm. Lisenziya ala bilməsəm, yığma komandanın heyətində məşqlərə qoşulacağam. Qətərdəki dünya çempionatından başqa 2016-cı ildə Avropa Olimpiya təsnifat turniri və Dünya Olimpiya təsnifat yarışları da keçiriləcək. Sonuncu yarış isə Bakıda olacaq. Odur ki, lisenziya almaq üçün bir neçə şansımız var.

- WSB Liqasında olduğunuzdan, bugünlərdə başa çatan Azərbaycan çempionatında iştirak edə bilmədiniz. Ümumiyyətlə, yarışları, xüsusən, 64 kq çəki dərəcəsində gedən döyüşləri izləyirdiniz?
- İzləyə bilməsəm də, məşqçilərdən bu barədə məlumat alırdım. 64 kq-da Elnur Əliyevin çempion olduğunu bildim.

- Keçən dəfə Azərbaycan Kuboku yarışlarında Lorenso Sotomayora məğlub oldunuz. Sizin Kuba əsilli boksçu ilə döyüşünüz həmişə gərgin keçir. Necə düşünürsünüz, milli komandada 1 nömrə kimi saymaq olar?
- Kuboka mən xüsusi olaraq hazırlaşmamışam. İlk dövrə qurtarandan sonra bir müddət məşq etmədim. 1 həftə məşq edib, döyüşə çıxdım. Bununla belə, Sotomayorla başabaş mübarizə apardım. Hakimlər qələbəni rəqibə versələr də, məncə, həmin gün uduzmamışdım. Bundan sonra da 64 kq çəki dərəcəsində 1 nömrə olduğumu sübut etməyə hazıram. İnanıram ki, məşqçilər etimad göstərərək əsas yarışlara məni aparacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi