Həsrət Cəfərov: "Hər bir medal böyük məsuliyyət gətirir"

Həsrət Cəfərov: "Hər bir medal böyük məsuliyyət gətirir" UWW (Dünya Güləş Birliyi) Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov haqqında yazıb
Fərdi
4 Noyabr , 2021 10:10
Həsrət Cəfərov: Hər bir medal böyük məsuliyyət gətirir
Həsrət Cəfərov

UWW (Dünya Güləş Birliyi) Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov haqqında yazıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, yazıda gənc idmançının Goranboy rayonunda doğulduğu və qardaşının yolu ilə gedərək güləşi sevməyə başladığı bildirilib.

Güləş zalına daxil olduqdan 10 il sonra onun təkcə dünya çempionluğu arzusu deyil, 3 ayda iki belə titul əldə etməsi vurğulanıb. Onun avqustda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionluğu əldə etdiyi, Belqradda isə qızıl medal qazanaraq mükəmməlliyə doğru inamlı addım atdığı bildirib.

67 kq çəki dərəcəsində çıxış edən Cəfərovun hazırkı mundialda qazaxıstanlı Asiya çempionu Sultan Assetuli, U-23 Avropa çempionatının türkiyəli gümüş mekafatçısı Kadir Kamal və qızıl medal görüşündə gənclər arasında iranlı Asiya çempionu Məhəmməd Rezayini üstələdiyi diqqətə çatdırılıb.

Yazıda onun fikirlərinə də yer verilib: "İkinci dəfə dünya çempionu olduğum üçün çox şadam. Böyüklər arasında yaxşı nəticələr göstərməkdən ötrü daha səylə məşqlər edəcəyəm. Hər medal böyük məsuliyyət gətirir. Rəqiblərim parter texnikamı, ayaq üstə mübarizə üsulumu bilirlər. Çalışacağam ki, belə çətin qələbələr qazanmamaq üçün bunları daha da yaxşılaşdırım".

Oktyabrın 5-də 19 yaşı tamamlanmış Cəfərovun Rezayini ikinci hissədə iki xallıq atma fəndi sayəsində minimal fərqlə (3:2) yendiyi də məqalədə vurğulanıb.

Son xəbərlər

Orphus sistemi