Hacı Əliyev: "Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm"

Hacı Əliyev: "Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm" Bakı. 7 sentyabr. REPORT.AZ/ Hazırlığımız davam edir. Bu, il ərzində yeddinci təlim-məşq toplanışımızdır. Qarşıda bizi Belarusun paytaxtı Minskdə beynəlxalq turnir gözləyir.
Fərdi
7 Sentyabr , 2018 15:22
Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq istəyirəm

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Hazırlığımız davam edir. Bu, il ərzində yeddinci təlim-məşq toplanışımızdır. Qarşıda bizi Belarusun paytaxtı Minskdə beynəlxalq turnir gözləyir".

“Report” xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Hacı Əliyev Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin xatirəsinə həsr edilən Qran Pri ərəfəsində deyib.

Üçqat dünya çempionu əsas hədəfinin 22 – 28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək dünya çempionatı olduğunu vurğulayıb: "Oktyabr ayının sonlarında dünya çempionatında iştirak edəcəyik. Yaxşı hazırlaşıram və dördüncü dəfə dünya çempionu olmaq istəyirəm. Əvvəl 61 kq çəki dərəcəsində çıxış edirdim. İndi isə 65 kq-da mübarizə aparacağam. Bu çəki dərəcəsində isə təzə və güclü rəqiblər var. Mən onların çəkisinə qalxmışam. Dünya çempionatında çətinlik olacaq. Amma əlimdən gələni edəcəyəm ki, bu dəfə də qızıl medal qazanım".

28 yaşlı idmançı Avropa çempionatının finalında məğlub olduğu rusiyalı idmançı İlyas Bekbulatovla bu il qarşılaşmaq ehtimalı barədə də danışıb: "Hazırda o, Rusiya yığması ilə birgə Polşada yarışdadır. Dünya çempionatında iştirak edəcək idmançıları seçirlər. Hansı idmançının mundiala qatılacağı 1-2 gün ərzində müəyyənləşəcək. Mənim üçün heç bir fərqi yoxdur. Əslində bütün Rusiya idmançıları güclüdür. Hansı rəqib olur-olsun hazırlığımı yüksək səviyyədə keçirirəm. Həmin idmançı ilə qarşılaşsam, ona qalib gəlməyə çalışacağam".

İkiqat Avropa çempionu Bakıda birlikdə təlim-məşq toplanışında olduqları Türkiyə idmançılarından fəndlərini gizlətmədiyini söyləyib: "Məşq vaxtı əsas lazım olan fəndləri işlətmək lazımdır ki, yarışlarda rahat olasan. Mənə elə gəlir ki, rəqiblər fəndləri görsələr də, fərq eləmir. Bütün görüşləri izləyirlər. Çalışıram ki, tətbiq etdiyim fəndləri daha da sürətli edim və qarşımı almaq çətin olsun".

Qeyd edək ki, Minskdəki turnir 14 - 16 sentyabrda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi