Gürcü nazir: “Batumi-2018” Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq”

Gürcü nazir: “Batumi-2018” Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq” Tbilisi. 17 aprel. REPORT. AZ/ Gürcüstanın paytaxtı Tbilisidə “Batumi-2018” 43-cü Ümumdünya Şahmat Olimpiadasının rəsmi təqdimat mərasimi keçirilib.
Fərdi
17 Aprel , 2018 16:49
Gürcü nazir: “Batumi-2018” Ümumdünya Şahmat Olimpiadası yüksək səviyyədə təşkil olunacaq”
Report

Tbilisi. 17 aprel. REPORT. AZ/ Gürcüstanın paytaxtı Tbilisidə “Batumi-2018” 43-cü Ümumdünya Şahmat Olimpiadasının rəsmi təqdimat mərasimi keçirilib. 

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə dünya şahmat ulduzları, dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gürcüstanın mədəniyyət və idman naziri Mixail Georqadze bildirib ki, Gürcüstan 2014-cü ildə Kanadanın Toronto şəhərində FİDE-nin Baş Assambleyasında 43-cü olimpiadanın Batumidə keçirilməsinə nail olub. O zaman Gürcüstan 93 səs çoxluğu ilə rəqibi Cənubi Afrikanın Durban şəhərini (58 səs) üstələyib.

Bunu ölkəsi üçün çox önəmli, qürurverici və əlamətdar hadisə adlandıran nazir bildirib ki, olimpiadada 189 ölkədən 4 minə yaxın qonağın iştirakı gözlənilir.

M.Georqadze 2016-cı ildə Bakıda keçirilmiş 42-cü Ümumdünya Şahmat Olimpiadasının möhtəşəmliyindən söz açıb, estafeti Azərbaycandan qəbul etdikdən sonra bu ənənəni davam etdirməyin çox çətin və şərəfli olduğunu bildirib. O, 43-cü olimpiadanın təşkilindəki mənəvi, maddi və texniki dəstəyə görə Azərbaycan dövlətinə, eləcə də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, SOCAR şirkətinə ayrıca minnətdarlıq edib. Bildirib ki, Azərbaycanın dəstəyi Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edir. Gürcü xalqı və hökuməti bunu unutmayacaq.

Sonra çıxış edənlər idmanın inkişafı, 43-cü şahmat olimpiadasının təşkili və digər məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, "SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov jurnalistlərə açıqlamasında Batumidə olimpiadanın yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib, təşkilatçılara və idmançılara uğurlar arzulayıb.

Gürcüstan Şahmat Federasiyasının prezidenti Georgi Georqadze isə deyib ki, bu olimpiada əslində Gürcüstan üçün böyük idman bayaramıdır: “Biz bu oyunların estafetini Azərbaycandan almışıq. Çalışacağıq ki, yaxın qardaş və dostumuz olan Azərbaycan kimi biz də olimpiadanı yüksək səviyyədə təşkil edək. Bunun üçün Azərbaycandan dəstək alırıq. Azərbaycan tərəfinə, xüsusən də SOCAR-a xüsusi təşəkkürümü bildirirəm. SOCAR on ildir ki, bizim federasiyanın sponsorudur. Bunun nəticəsində idmançılarımız böyük uğurlar qazanıblar”.

Federasiya prezidentinin sözlərinə görə, olimpiadanın yüksək səviyyədə keçirilməsi üçün Batumidə xüsusi idman zalları var. Daha bir zalın tikintisi isə davam edir və bu arena da yaxın vaxtlarda istifadəyə veriləcək.

Son xəbərlər

Orphus sistemi