Yuxarı

​Gülsüm Şəfizadə: Avropa Oyunlarının ilk olaraq Bakıda keçirilməsi məsuliyyətimizi ikiqat artırır

Azərbaycan gimnastı idmana gəlişi və idman planları ilə bağlı fikirlərini bölüşüb

Bakı. 17 fevral. REPORT.AZ/ Bu yay Bakıda təşkil olunacaq Avropa Oyunlarında təmsil olunacaq bir çox idman növlərindən biri də bədii gimnastikadır. Bu idman növündə ölkəmizi 2 fərdi gimnast və qrup komandası təmsil edəcək.

Azərbaycan Gimnastika Federasiyasının layihəsi çərçivəsində, bu oyunlara namizəd iştirakçılardan biri, Gülsüm Şəfizadə idmana gəlişi və idman planları ilə bağlı müsahibə verib.

"Report" Azərbaycan Gimnastika Federasiyasına istinadən həmin müsahibəni təqdim edir.

Gimnastikaya gəlişin haqda danış. Necə oldu ki, məhz bu idman növünü seçdin?

- İlk öncə bədii gimnastikayla mənim bacım məşğul olmağa başladı, bir müddət sonra isə hərəkətli və narahat uşaq olduğum üçün, anam məni də gimnastikaya yazdırmaq qərarına gəlib. Demək olar ki, bu anamın qərarı olub.

Necə düşünürsən, başqa idman sahəsində uğurlu ola bilərdinmi?

- Yəqin ki, yox. Mənim həyatım uşaqlıqdan bədii gimnastikayla sıx bağlı olub. Ona görə də, özümü başqa idman növündə təsəvvür edə bilmirəm.

Fikrincə hər hansı idman növündə vacib olan nədir?

- Mən düşünürəm ki, vacib olan əmək, səbr və inamdır. Öz yorğunluğunu, təmbəlliyini aşaraq, hər gün, hər məşqdə zəhmət çəkmək lazımdır.

Yarış günü emosiyalarınla necə bacarırsan? Təmkinli olmağının sirri nədədir?

- Hər idmançı çıxış öncəsi həyəcanlanır, lakin bu məndə bir az fərqli baş verir. Xalçadan kənarda mən həyəcanlana bilərəm, amma xalçaya çıxdığımda və azarkeşlərimin səslərini eşitdikdə, bütün qorxularım yox olur və mən böyük zövqlə çıxış edirəm. Təmkinli olmağımın sirrinə gəldikdə isə, hər kəsin öz sirri var, əlbətdə məndə də. Məhz, sirr olduğuna görə də bu barədə danışmayacağam (gülür).

Professional idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu idman növündən asılıdır?

- Deməzdim ki, bədii gimnastika travmatik idman növüdür. Belə ki, professional idmanla məşğul olan hər kəsdə travma ola bilər.

İdmanda kumirin varmı?

- Mənim kumirim Londonda keçirilən Olimpiya Oyunlarının gümüş medal mükafatçısı - Dərya Dmitriyevadır.

Yaxın gələcək üçün idman planlarından danış bir az.

- Öncədən plan qurmağı xoşlamıram, zaman hər şeyi göstərəcək. Lakin deyə bilərəm ki, ilin ən önəmli yarışları Avropa Çempionatı, Avropa Oyunları və Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Dünya Çempionatı. Bu oyunlarda ölkəmizi layiqincə təmsil etmək istəyirəm.

Avropa Oyunları sənin üçün nə kəsb edir və sən ona necə hazırlaşırsan?

- Avropa Oyunları – idman tarixinin ən vacib tədbirlərindəndir. İlk dəfə olaraq təşkil olunacaq bu oyunların məhz Bakıda keçirilməsi məsuliyyətimizi ikiqat artırır.

İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyin başqa arzuların, məqsədlərin varmı?

Əlbətdə var. Axı idmandan sonra da həyat maraqlı olmalıdır.

İdmanla gündəlik həyatını birləşdirə bilirsənmi?

Xeyr, lakin mən heyfslənmirəm.

Öz ailən haqda danış bir az.

Mənim dostcanlı ailəm var – anam, bacım və mən. Anam hərbçidir, bacım bədii gimanstika üzrə yığma komandanın məşqçisi işləyir.

Adətən azarkeşlərin tribunlardan səni necə dəstəkləyirlər? Və sən onlardan nə eşitmək istərdin?

Çıxış öncəsi mənim bütün fikirlərim öz çıxışıma cəmlənir. Düzünü desəm, ancaq qışqırıq səsləri eşidirəm. Çıxışdan sonra isə artıq, ayrı-ayrı sözləri ayırd edə bilirəm. “Azərbaycan, Azərbaycan” deyə alıqışlardan isə çox həyəcanlanıram.

Onlara nə demək istərdin?

Təşəkkür edirəm ki, varsınız.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi