Azərbaycan güləşçiləri beynəlxalq turnirin finalında bir-birinə rəqib olub

Azərbaycan güləşçiləri beynəlxalq turnirin finalında bir-birinə rəqib olub Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turniri davam edir.
Fərdi
18 fevral 2022 16:07
Azərbaycan güləşçiləri beynəlxalq turnirin finalında bir-birinə rəqib olub

Bolqarıstanın Veliko Tırnovo şəhərində keçirilən güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turnirinin 2-ci yarış günündə Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.

"Report" xəbər verir ki, 74 kq çəki dərəcəsində finalda Azərbaycan millisinin iki üzvü - Turan Bayramov və Cəbrayıl Hacıyev bir-birinə rəqib olub.

Bayramov təsnifat mərhələsində bolqarıstanlı Mixail Georgiyevi 3:0 hesabı ilə məyus etdikdən sonra bu ölkənin digər təmsilçisi Aykan Seidə tam üstünlüklə qalib gəlib - 12:0. O, 1/4 finalda əlcəzairli Abdelkader İkkaldan güclü olub - 6:0. Macarıstanlı Murad Kuramaqomedovla görüşdə yekun hesab 1:1 olub və sonuncu xalı aldığı üçün azərbaycanlı pəhləvan finala yüksəlib.

Mübarizəyə 1/8 finaldan qoşulan Hacıyev qazaxıstanlı Sultan Jaksiliki "tuşe" ilə yolundan kənarlaşdırdıqdan sonra gürcüstanlı Dimitri Jioeviyə də vaxtından əvvəl qalib gəlib - 12:1. O, yarımfinalda bolqarıstanlı Ali-Paşa Umarpaşayev üzərində 8:3 hesablı qələbə qazanaraq finala yüksəlib.

57 kq çəkidə isə Əfqan Xaşalov 1/8 finalda Arun Aruna (Hindistan) "tuşe" ilə qalib gəldikdən sonra iranlı Rza Momenijuzadəni də vaxtından əvvəl üstələyib - 10:0. Xaşalov yarımfinalda hindistanlı Aman Amanla qarşılaşmada zədələndiyindən görüşü məğlub başa vurub.

Eyni çəkidə Əliabbas Rzazadə startda bolqarıstanlı İvaylo Tısova heç bir şans verməyib - 10:0. Ancaq o, belaruslu Ariyan Tiutrinlə görüşdə son saniyələrdə üstünlüyü əldən verərək məğlub olub - 6:8.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri fevralın 19-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi