​Gənclər və idman naziri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olub - FOTO

​Gənclər və idman naziri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olub - FOTO Azad Rəhimov akademiyada böyük işlərin görüldüyünü bildirib
Fərdi
23 İyun , 2016 14:35
​Gənclər və idman naziri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında olub - FOTO

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılan yenidənqurma işləri ilə tanış olub. "Report"un məlumatına görə, akademiyanın təmirdən sonrakı vəziyyəti ilə tanış olan nazir qısa müddət ərzində çox böyük işlərin görüldüyünü bildirib. 

A.Rəhimov deyib ki, beynəlxalq təcrübəni öyrənmək üçün Akademiyanın əməkdaşları Türkiyə, Almaniya, Rusiya, Belarus, Sloveniya və Bolqarıstana səfər ediblər. Daha çox Köln Alman İdman Universitetinin təhsil modelinə istinad etmək məqsədəuyğun hesab edilib: "İnanıram ki, akademiyada təhsil almaq istəyən tələbələrin sayı ilbəil artacaq".

A.Rəhimov idman yönümlü həkimlərin azlığından da danışıb. O, gələcəkdə akademiyada tibbi personalın da yetişdiriləcəyini qeyd edib: "Azərbaycanda idman tibbi təhsili heç vaxt olmayıb. Kadrları Azərbaycan Tibb Universiteti hazırlayıb. Amma sırf idmanla məşğul olan həkimlərimiz olmayıb. Onları yetişdirməkdə problem yoxdur. Xaricdə təlim keçə bilərlər, həm də öz akademiyamızda gələcəkdə magistr səviyyəsində ingilis dilli kadrlar yetişdirilməlidir. Bunun üçün proqram hazırlanır. Onlar təhsil alıb universitetə buraxılacaqlar. Hazırda səhv emtirəmsə, universitetin 3-4 məzunu bizim tibb klinikamızda internatura keçir".

Akademiyada elektron tədris materiallarının təhlükəsiz istifadəsi üçün, həmçinin, təhsil ocağının idarəolunmasında tələb edilən bütün məlumatların yerləşdirilməsi üçün xüsusi server alınıb. Eyni zamanda, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tövsiyəsi ilə tədrisin və imtahanların daha effektiv olması üçün “Online University” sistemi qurulmuşdur. Bu proqram tələbələrin biliklərinin həm semestr zamanı, həm imtahan sessiyası zamanı qiymətləndirilməsində tam şəffaflığa nail olmaq imkanını yaradır.

Akademiyada yeni tədris laboratoriyaları və elektron kitabxananın əsaslı təmiri və yenidənqurulması, tədris proqramlarının təkmilləşdirilməsi, tədris bazasının gücləndirilməsi, distant və onlayn təhsilin, İKT-nin tətbiqi, müvafiq xarici tədris müəssisələri ilə ikili tədrisin və qarşılıqlı proqramların təşkili, tələbə və professor-müəllim mübadiləsi, elmi-tədqiqat işlərinin aparılması, bu sahədə yeni ixtisaslaşmanın və ona müvafiq kafedraların yaradılması nəzərdə tutulub.

Sadalananlar Gənclər və İdman Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi