Yuxarı

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin Baş Assambleyasına yollanacaq

Assambleyada gənclər və idman naziri ilə MOK rəsmiləri iştirak edəcək

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitələrinin (EOC) noyabrın 18-də Çexiyanın paytaxtı Praqada işə başlayacaq  44-cü Baş Assambleyasına qatılacaq. Milli Olimpiya Komitəsindən (MOK) "Report"a verilən məlumata görə, 3 gün davam edəcək assambleyada gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edəcək.

EOC İcraiyyə Komitəsinin üzvü olan Ç.Hüseynzadə adı çəkilən təşkilatın 4-cü iclasında da iştirak edəcək. Həmçinin tədbir çərçivəsində EOC-un "İdmanda Qadın və Bərabərlik" Komissiyasının üzvü olan K.Nurullayevanın da iştirakı nəzərdə tutulub.

2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları və 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. Yeniyetmələr arasında 2016-cı ildə Lillehhammerdə keçiriləcək Qış Olimpiya Oyunları da müzakirə olunacaq. Həmçinin 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalına namizəd ölkələrin siyahısı açıqlanacaq.

Qeyd edək ki, Avropa Olimpiya Komitəsinin 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı tədbirdə açıqlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi