Futbol sevgisi ilə Avropa çempionu olan Azərbaycan atleti

Futbol sevgisi ilə Avropa çempionu olan Azərbaycan atleti Nazim Babayev: "Ən böyük çətinliyi 2018-ci ildə Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında yaşamışam. Yarışa bir həftə qalmış ağır xəstələnmişdim, 40 dərəcə qızdırma ilə yatırdım"
Fərdi
10 İyul , 2020 11:30
Futbol sevgisi ilə Avropa çempionu olan Azərbaycan atleti
Nazim Babayev

Hansısa azərbaycanlı atletin Avropa və ya dünya çempionu olması əvvəllər bizim üçün real görünmürdü. Lakin ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğı bu idman növündə də bəhrəsini verməkdədir. Əvvəlcə Hayle İbrahimov kimi milliləşdirilmiş atletlər medallar qazanırdısa, artıq məhz öz yetirmələrimiz beynəlxalq arenalarda öz adlarından söz etdirirlər.

Təsadüfi deyil ki, sprinter Ramil Quliyev Türkiyə bayrağı altında Avropa və dünya çempionluqlarına nail olub. Ötən il isə Nazim Babayev Şotlandiyanın Qlazqo şəhərindəki qış Avropa çempionatında gözlənilmədən qızıl medal qazandı. Babayev bunadək İsveçin Eskilstuna şəhərində gənclərin qitə birinciliyində eyni uğuru təkrarlamışdı.

Qış çempionluğundan sonra istedadlı idmançını qəbul edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Azərbaycan Atletika Federasiyasının (AAF) prezidenti Çingiz Hüseynzadə onun Avropa çempionluğu barədə maraqlı fikirlər səsləndirib. Hüseynzadə gənc atletin ölkənin idman tarixinə düşən böyük uğura imza atdığını bildirib. Federasiya prezidenti Baş Nazirin I müavini Yaqub Eyyubova verdiyi sözə əməl etdiyini açıqlayıb: “Əvvəlki görüşümdə Yaqub müəllimə demişdim ki, bizdə Ramil Quliyevdən də yaxşı idmançı yetişir. İndi o, Nazim Babayevi qəbul edərkən, həmin sözlərimi xatırladı. Əvvəllər deyirdilər ki, atletika Azərbaycan üçün deyil. Bu da mövcud şəraitsizlikdən irəli gəlirdi. Biz isə sübut etdik ki, Azərbaycanda atletika məktəbi var, özümüz də səviyyəli idmançılar yetişdirməyi bacararıq. Nazim elə yaşdadır ki, bundan sonra 3 olimpiadada çıxış edə bilər".

40 dərəcə qızdırma ilə Avropa çempionatına hazırlaşan idmançı

Nazim Babayev idmana 2003-cü ilin sentyabrında başlayıb. Onu 6 yaşı olarkən anası və nənəsi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionuna aparıb. Babayevin digər uşaqlar kimi futbola marağı olub. Stadiona da məhz bu idman növünə yazılmaq üçün üz tutub. Orada isə bədəninin formalaşmasından ötrü atletika ilə məşğuliyyət təklif olunub və ailə üzvləri bununla razılaşıblar.

Olimpiya yığmamızın ən gənc üzvlərindən biri olan atlet şəxsi həyatı və karyerasında bir sıra çətinliklərlə üzləşib. Babayev Avropa çempionu olduğu vaxtdan bir il əvvəl qitə yarışı ərəfəsində xəstələnib: “Bundan əlavə, hər bir idmançıda olduğu kimi, zədə problemləri yaşamışam. Hətta elə vaxtlar olub ki, idmançı kimi müəyyən məqamlarda həvəsdən düşmüşəm və bu, məndə psixoloji çətinliklər yaradıb. Bəzən isə zədələr mənə uğur qazanmaq üçün daha da motivasiya verib. Ən böyük çətinliyi 2018-ci ildə Almaniyanın paytaxtı Berlindəki Avropa çempionatında yaşamışam. Yarışa bir həftə qalmış ağır xəstələnmişdim, 40 dərəcə qızdırma ilə yatırdım. Qitə çempionatına yaxşı hazırlaşmışdım, təlim-məşq toplanışı da yaxşı keçmişdi. Amma hər şey bir anın içində heçə endi. Qızdırma dərmanların köməyi ilə düşmüşdü. Avropa çempionatından da imtina edə bilmirdik. Həmin yarışın təsnifat mərhələsində 9-cu, finalda isə 4-cü yeri tutmuşdum. Bürünc medal qazanan idmançıdan 2 sm az nəticə göstərmişdim. Həmin vaxt 20 yaşım hələ tamamlanmamışdı. Bu, mənim böyük idmanda olan çətinliklərə öyrəşməyimdə yardımçı oldu. Başa düşdüm ki, nə vaxtsa zirvədə ola, sonra isə hansısa problemə görə aşağı enə bilərəm. Uğur qazanmaq istəyiriksə, bu çətinlikləri keçməliyik. Çünki məğlub olmasaq və çətinliklərdən keçməsək, qələbənin dadını bilmərik. Hərdən uduzmaq lazımdır ki, daha da böyük motivasiya yaransın”.

Aleksis Kopellonun milliləşdirilməsi Nazim Babayevə əlavə motivasiya olub

Bəzən hansısa legionerin milliləşdirilməsi azərbaycanlı idmançıların daha yaxşı çıxış etməsi üçün əlavə motivasiya olur. Nazim Babayevlə eyni növdə yarışan Aleksis Kopellonu da buna misal göstərmək olar. Azərbaycanlı idmançı Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında əsas məqsədinin məhz Kopellonu məğlub etməkdən ibarət olduğunu xatırladıb: “İslamiadada qızıl medal mənim üçün çox prinsipial idi. Qarşıma məqsəd qoymuşdum. Qələbədən başqa heç nə düşünmürdüm. Əsas məqsədim legioner Aleksis Kopellonu məğlub etmək idi. Həmin dönəmdə o, Azərbaycan millisinə yeni qoşulmuşdu. Ümumi planda Kopellodan öndə olmaq üçün bu qələbə mənə çox vacib idi. Doğmalarım, yaxınlarım mənə dəstək olan insanlar çox idi. Bu, yarışlarda insana məsuliyyət gətirir. Aleksis Kopello ilə şanslarımız eyni idi. Amma 5-ci cəhdimdə 17.15 metr nəticə göstərdim və qələbə qazandım. Yaxşı nəticə göstərəndən sonra isə emosiyaların partlayışı oldu”.

“Avropa çempionu olduğum an şokda və eyforiyada idim”

Gənc idmançı ən böyük uğuru olan Avropa çempionatı barədə isə bunları bildirib: “2018-ci ildə bir az uğursuzluq olmuşdu. Bundan sonra daha böyük həvəs və motivasiya ilə hazırlaşırdım. Böyüklər arasındakı yarışda daha böyük addım ata bilərdim. Sentyabrdan marta qədər dayanmadan məşq etdik, hər bir xırdalıqlar və detallar üzərində tələsmədən çalışdıq və çox yaxşı forma yığdım. Həmin Avropa çempionatından öncə də bəzi çətinliklər oldu, bir ay zədədən əziyyət çəkdim. Ayağımda çox böyük zədə var idi, bunu reabilitasiya mərkəzimizdə bərpa etdik. Qitə çempionatından öncə o qədər də yüksək nəticələr göstərməmişdim. Amma Qlazqoda təsnifat mərhələsində üçüncü oldum. Növbəti gün isə final idi. Psixoloji cəhətdən özümü tam toplamışdım. Mobil telefondan və digər vasitələrdən uzaq oldum. Rəqiblərim çox güclü və titullu idilər. Onlardan bir an belə çəkinmirdim. Nəticədə bir çox azərbaycanlı idmançının edə bilmədiyini bacardım. Avropa çempionu olduğum an şokda və eyforiyada idim. Azərbaycan himnini səsləndirmək, bayrağımızı dalğalandırmaq, bütün Avropanın bizim himnə qulaq asması doğrudan da qürürverici idi”.

 “Hazırda ən böyük arzum Tokio Yay Olimpiya Oyunlarında medal qazanmaqdır”

Artıq Nazim Babayev Avropa çempionluğundan əlavə, Tokio Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb. Gənc idmançı Azərbaycanı təmsil edən atletlərin olimpiadada medal qazanmalarının mümkünlüyü qənaətindədir: “Düşünürəm ki, digər ölkələrin idmançıları ilə rəqabət apara biləcək gücdəyik. Əlbəttə, öz növümdə bu, çox çətindir, çünki iki ABŞ idmançısı çox güclüdür. Onlar 2010-cu ildən bəri dünya çempionatlarında və olimpiadalarda mükafatçılar sırasına düşürlər. Amma ən azı bürünc medal əldə etmək mümkündür. Mən də bunun üçün çalışacağam. Hazırda ən böyük arzum Tokio Yay Olimpiya Oyunlarında medal qazanmaqdır. İlk olaraq, qarşımıza qoyduğumuz məqsəd budur. Azərbaycanı layiqincə təmsil etmək niyyətindəyəm. Danışanda deməsinlər Nazim Babayev, desinlər ki, azərbaycanlı atlet ölkəsini layiqincə təmsil etdi. İlk növbədə, ölkəmizin adını və bayrağını yüksəklərə qaldırmaq önəmlidir. İkinci növbədə isə mənim şəxsi maraqlarım”.

Ziyad Xəlfəyev: “Nazim uşaq vaxtı bir az zəif idi”

Şəxsi məşqçisi, 2019-cu ilin ən yaxşı məşqçisi adını qazanmış Ziyad Xəlfəyev də Nazim Babayevlə bağlı fikirlərini bölüşüb: “Nazim mənim yanıma gətirildiyi vaxt bir az zəif idi. Onun futbolçu olmasını istəyirdilər. Yavaş-yavaş məşq edəndən sonra gördüm ki, bu uşağın boyu və sürəti yaxşıdır, bütün göstəriciləri atletika üçün əladır. Onu basketbolla, futbolla və müxtəlif oyunlarla həvəsləndirdim. 9-10 yaşlarında uzunluğa tullanma növündə çıxış etdi. Mən də atletikada bu növlə məşğul olmuşam. Bir ildən sonra yaşlara qatılır, respublika birinciliyində hər zaman ilk yerləri tuturdu. 13-14 yaşlarında isə Nazimi 3 təkanla tullanma növünə keçirtdik. Sınadıq və gördük ki, bu, daha yaxşı alınır. Daha sonra bu növdə də yarışlara qatıldıq. Artıq peşəkar şəkildə üç təkanla tullanma növünə qoşulduq. Hiss edirdim ki, bu, Nazimdə çox yaxşı alınacaq. Hələ 11-12 yaşında ikən atasına demişdim ki, oğlunuz yaxşı idmançı olacaq, futbol lazım deyil, atletikada saxlayın”.

Xəlfəyev gənc atletdən 2019-cu ildə Avropa çempionu olmasını gözlədiyini bildirib: “6 yaşından onunla birlikdə çalışdığım üçün nəyə qadir olduğunu bilirəm. Finaldan əvvəl oteldə özünə demişdim ki, sən 17.30 metr tullanmağa hazırsan. O isə 17,29 metr nəticə göstərdi”.

Məşqçisi Babayevdən gözləntilərin çox olduğunu sözlərinə əlavə edib: “Planlaşdırırıq ki, 2021-ci ildə 17.50 və 17.60 metr nəticə göstərsin. Çünki buna qadirdir. Bilirdim ki, Nazim qışda 17,40 metr tullana bilər. O da bunu turnirdə göstərdi. Qışda bunu edə bilirsə, yayda daha yaxşılarını əldə etmək olar. İnanıram ki, olimpiadada 17.60 metr nəticə göstərəcəyik. Bununla yarışda bürünc medal qazanmaq olar”.   

Məhərrəm Sultanzadə: “Nazim Babayev Azərbaycan atletikasının parlaq ulduzudur”

AAF-ın baş katibi Məhərrəm Sultanzadə Nazim Babayevin 15 ildən çox atletika ilə məşğul olduğunu xatırladıb: “Nazim çox tərbiyəli və mədəni insandır, çox gözəl idmançı, Azərbaycan atletikasının parlaq ulduzudur. Avropa çempionatı martda olmuşdu, fevralda isə Türkiyənin İstanbul şəhərində Balkan çempionatı baş tutdu. O, Balkan çempionatında məğlub oldu, amma yarışdan sonra özünə dedim ki, sən hazırsan və 10 gündən sonra Avropa çempionatında yüksək nəticə göstərəcəksən. Bunu da əlavə etdim ki, sən hamıdan güclü olduğunu fikirləşməlisən, bütün diqqətini toparlasan, nəticə qazanacaqsan. Biz qitə yarışında ondan qızıl medal gözləmirdik, amma medal olacağını bilirdik”.

Federasiya rəsmisinin sözlərinə görə, gənc atletin qarşıda çox gözəl karyerası var: “Bütün problemlər aradan qalxsa və məşqini normal qaydada davam etdirə bilsə, çox yüksək nəticələr göstərə bilər. Düşünürəm ki, Nazim qarşıdakı olimpiadada 3 təkanla tullanmada finalçıların arasında olacaq. Atletika növündə olimpiya medalı əldə etmək çox çətindir. Amma hər şey mümkündür. Babayev də medala yiyələnə bilər”.

"Milli Olimpiya Komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Son xəbərlər

Orphus sistemi