Bakı. 26 iyun. REPORT.AZ/ Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisinə həsr olunan 21 km məsafəyə yürüş keçirilib.
“Report”un məlumatına görə, marafon yarışı “Baku Marafon Club” və “Baku runners” qacış klubunun təşkilatçılığı ilə baş tutub.
Yürüşdə “Moskva 2016” və “Paris 2017” beynəlxalq marafonlarının iştirakçısı Elşən Quliyev, Formula 1 üzrə Qran Prilərin keçirildiyi şəhərlərə gedərək, marafon yürüşü edən polşalı Marçin Sozska, yerli və əcnəbi vətəndaşlar iştirak ediblər.
Marafonun marşrutu Fəvvarələr meydanından başlayaraq, İçərişəhər qala divarları boyunca "Azneft" dairəsinə, oradan isə Bayraq Meydanından Su İdman Sarayına və əksinə olub. Finiş xəttini M.Sozska ilə Tural Sadıqlı eyni anda keçiblər.
M.Sozska “Report”a açıqlamasında bundan sonra keçiriləcək “Bakı Marafon”ununda da iştirak edəcəyini söyləyib: “Bakıda bu qədər atletin mənə dəstək verməsi inanılmazdır. Çox müsbət emosiya və bir daha bura gəlmək arzusuyla Bakıdan ayrılıram. Burada özümə çoxlu idmançı dostlar qazandım. Onlardan Firdovsi Kərimov, Renato Rakoviş və Elşən Quliyevlə Moskva marafonunu bərabər qacmışıq. Bakıda keçiriləcək marafon yarışlarında mütləq iştirak edəcəyəm”.
Qeyd edək ki, 2016 və 2017-ci illərdə Azərbaycanda nüfuzlu “Bakı Marafonu” təşkil olunub.