Yuxarı

​Formula 1-in debütantı: "Bakı məni çox heyrətləndirdi" - MÜSAHİBƏ

Rio Haryanto: Qəza hər an baş verə bilər

Bakı. 15 iyun. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-prisində iştirak edəcək "Manor Racing" komandasının indoneziyalı pilotu Rio Haryantonun "Report"a müsahibəsi

- Bu il Formula 1-də debüt etmisiniz və iştirak etdiyiniz ilk yarış Avstraliya Qran Prisi olub. Həmin gündən həyatınızda hansı dəyişikliklər baş verib?

- Çox dəyişikliklər olub. İlk olaraq, maşının necə idarə olunması, onunla necə davranmağın lazımlığını daha dəqiq öyrəndim.

- Artıq 7 Qran Pri geridə qalıb. Bu yarışlardan hansını ən çətin hesab edirsiniz?

- Hər birinin öz çətinliyi var. Yolları, nəqliyyat vasitələrini nəzərə alsaq, hər biri çətinlik yaradır. Bu siyahıya Bakı treki də daxildir.

- Yarışlarda bir çox tanınmış və güclü komandalar, pilotlar iştirak edir. Hansı pilot və komandanı özünüzə əsas rəqib kimi görürsünüz?

- "Ferrari" komandası çox yaxşıdır. "Williams Martini Racing" komandasının pilotu Felipe Massanı, "Sauber F1 Team"dən Markus Eriksonu qeyd edə bilərəm. Üstəlik, "Renault" komandası da güclüdür.

- Bakı treki haqqında hansı məlumatlara sahibsiniz?

- Simulyator vasitəsilə trasla tanış olmuşam. Amma Bakıya gəldikdən sonra özüm həmin yolu gəzmişəm. Lazımi qədər məlumatım var.

- Trasın müəyyən hissəsində pilotlar 340 km/saat-a qədər sürətlərini artıra biləcəklər. Trasın bu hissəsi ilə tanışsınız?

- Trası gəzəndə, düzü, həmin ərazi məni təəccübləndirdi. Fikrimcə, çox sürətli olacaq. Bu, əsas qeyd olunan məsələlərdən biridir.

- Ancaq belə sürətli hissədən sonra sərt döngələr gəlir ki, bu da qəzaya səbəb ola bilər. Debütant kimi bu riskdən çəkinirmisiniz?

- Qəza hər an baş verə bilər. Bunu hamımız yaxşı başa düşürük. Döngələr haqda məlumatlıyıq və hazırlaşmışıq. Maşınlarımız da bu cür yollar üçün hazır vəziyyətdədir.

- İlin yekununda hansı nəticəyə ümid edirsiniz?

- İlin sonuna qədər bir çox yarışda iştirak edəcəyəm. Bu yarışlarda daha çox öyrənir və təcrübə toplayıram. Ancaq növbəti yarışlarda daha yaxşı iştirak edəcəyəm. İnanıram ki, yığdığım təcrübə mənə kömək edəcək.

- Bakını gəzməyə vaxtınız olub?

- Bulvarı və İçərişəhəri bir qədər gəzmək imkanım olub.

- Şəhərimizi bəyəndiniz?

- Bakıya heyran oldum, təəccübləndim. Çünki şəhərin bir hissəsi qədim, bir hissəsi isə müasirdir. Bu isə məni çox heyrətləndirdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi