Yuxarı

Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisi üçün yeni bilet satışı məntəqələri açılıb

Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinə bilet satışı üçün yeni məntəqələr açılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) "Report"a verilən məlumata görə, "Park Bulvar" alış-veriş mərkəzindən sonra daha 4 fərqli məkanda yeni bilet satışı məntəqələri istifadəyə verilib.

Bunlar "28 Mall" və "Port Baku Mall" ticarət mərkəzləri, F1 Əyləncə Zonası və Bakı Su İdmanı Sarayıdır. Hər gün fəaliyyət göstərəcək məntəqələr "Park Bulvar", "28 Mall" və "Port Baku Mall" alış-veriş mərkəzlərində 10:00 - 22:00-da, F1 Əyləncə Zonasında 12:00 - 22:00-da və Bakı Su İdmanı Sarayında 12:00 - 20:00-da açıq olacaq. Biletlər Azərbaycan vətəndaşlarına və Azərbaycanda müvəqqəti yaşama icazəsi olan əcnəbilərə 20 - 40%-lik endirimli qiymətlərlə təklif olunur. Bir şəxs ən çox 4 imtiyazlı bilet ala bilər. Məntəqələrdə biletlər şəxsiyyəti təsdiq edən sənəd əsasında satılır. Bilet alarkən izləyicilərə tribunaları və ya ayaqüstü yerləri seçmək imkanı verilir.

Digər tərəfdən, sadəcə, cümə günü üçün satılan biletlər xaricində digər biletlərin hamısı yarış həftəsonunu əhatə edən hər üç gün üçün keçərli olacaq. Bu biletlərə sahib olanlar FORMULA 1 GRAND PRİX OF EUROPE və GP2 seriya yarışlarını izləməklə yanaşı, dənizkənarı bulvar ərazisində salınacaq Formula 1 şəhərciyinə giriş imkanı da əldə edəcəklər. Onlar bu şəhərcikdə təşkil olunan konsert və əyləncə tədbirlərində də pulsuz iştirak edə biləcəklər.

Qeyd edək ki, yarış həftəsonu Formula 1 şəhərciyində təşkil olunacaq konsertlərdə dünya ulduzları çıxış edəcəklər. İyunun 17-də Kris Braun, iyunun 18-də Enrike İqlesias və iyunun 19-da Farel Vilyams Bakıda ən məşhur ifalarını səsləndirəcəklər. Yalnız cümə günü üçün bileti olanlar ancaq Kris Braunun konsertində iştirak edə biləcəklər. O və digər iki müğənninin konsertində iştirak üçün üçgünlük bilet əldə etmək lazımdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi