FIDE keçirdiyi yarışlar üçün minimal mükafat fondu müəyyənləşdirib

FIDE keçirdiyi yarışlar üçün minimal mükafat fondu müəyyənləşdirib Mahir Məmmədov: "Bunun "ShamkirChess"ə aidiyyatı yoxdur"
Fərdi
29 Dekabr , 2018 13:09
FIDE keçirdiyi yarışlar üçün minimal mükafat fondu müəyyənləşdirib

Bakı. 29 dekabr. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyası (FIDE) kişi və qadınlar arasında turnirlər üçün minimal mükafat fondunun məbləğini müəyyənləşdirib. 

"Report"un məlumatına görə, bu barədə FIDE prezidenti Arkadi Dvorkoviç özünün şəxsi "Twitter"i vasitəsilə açıqlama verib. Rusiyalı funksioner bildirib ki, mükafat fondu müvafiq olaraq, 250 min avro və 100 min avrodan aşağı endirilə bilməz. Buna əməl edilməyəcəyi təqdirdə, hər iki turnir FIDE lisenziyasından məhrum ediləcək. 

Azərbaycanda son 5 ildə məhrum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri təşkil olunub. Şəmkirdə keçirilən yarışın ümumi mükafat fondu 100 min avrodur. FIDE-nin Azərbaycandan olan vitse-prezidenti Mahir Məmmədov "Report"a açıqlamasında bildirib ki, "ShamkirChess" Dvorkoviçin nəzərdə tutduğu turnirlər sırasında deyil: "Vüqar Həşimovun xatirə turniri ayrıca turnirdir, dünya şahmat tacı uğrunda keçirilən yarışlar sırasına daxil deyil. Bu turnir FIDE-nin təşkil etdiyi Qran Pri və digər belə yarışlar sırasına qatılsa, minimal mükafat fondu 250 min avro olmalıdır. İndiki halda isə "ShamkirChess"in mükafat fondunun 250 min avroya qaldırılması ağlasığan deyil".   

Qeyd edək ki, Arkadi Dvorkoviç oktyabrda Gürcüstanın Batumi şəhərindəki Konqresdə FIDE rəhbəri seçilib. Kirsan İlümjinovu əvəzləyən rusiyalı funksioner ali şahmat qurumunun 7-ci prezidentidir. FIDE vitse-prezidenti postuna isə Azərbaycan Şahmat Federasiyasında eyni vəzifəni tutan Mahir Məmmədov layiq görülüb. 

Son xəbərlər

Orphus sistemi