Yuxarı
    Bağlamaq

    ​FIA prezidenti Azərbaycan Avtomobil Federasiyasının fəaliyyəti ilə tanış olub

    Görüşdə qonağa federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verilib

    Bakı. 19 iyun. REPORT.AZ/ Bu gün Beynəlxalq Avtomobil Federsiyasının (FIA) prezidenti Jan Tod Azərbaycan Avtomobil Federasiyasının (AAF) fəaliyyəti və federasiyanın həyata keçirdiyi bir sıra layihələrlə tanış olub.

    "Report" xəbər verir ki, AAF prezidenti Anar Ələkbərov və FIA prezidenti arasında keçirilən görüşdə federasiyanın son illərdəki fəaliyyəti barədə məlumat verilib.

    Qeyd edilib ki, AAF ölkəmizdə avtomobil idmanının inkişafı, avtomobil idmanının gənclər arasında təbliği baxımından bir sıra layihələr həyata keçirilib, müxtəlif avtomobil idmanı yarışları təşkil olunub, eyni zamanda yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra tədbirlər görülüb, yol hərəkəti təhlükəsizliyi istiqamətində maarifləndiri müxtəlif nəşrlər hazırlanaraq yayımlanıb. Bu çərçivədə, keçirilən idman yarışları, azərbaycanlı pilotların hazırlanması, müxtəlif yaş həddindən olan şəxslər arasında yol hərəkəti təhlükəsizliyi ilə bağlı aparılmış maarifləndirici layihələr müzakirə edilib.

    Bildirilib ki, son illərdə keçirilən avtomobil yarışları bu idman növünün təşviqi, gənclərin avtomobil treklerində yarışlara marağının artması baxımından öz müsbət nəticələrini verir.

    Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod, həmçinin Azərbaycan Avtomobil Federasiyasının mütəmadi olaraq təşkil etdiyi "Yol hərəkəti qaydalarını öyrənək" təlimlərinin növbəti məşgələsində iştirak edib. Qeyd edilib ki, müxtəlif yaş həddindən olan şəxslər arasında keçirilən bu təlimlərdə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin sürücü və piyadalar üçün vacibliyi ilə bağlı məqamlar nəzəri və praktik qaydada öyrədilir.

    Təlim iştirakçıları ilə eyni zamanda Azərbaycan Avtomobil Federasiyasının "Uşaqlar üçün yol hərəkəti qaydaları", "Rəngləyək və öyrənək" və digər bu kimi nəşrləri əsasında nəzəri kurslar aparılır.

    Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod daha sonra Heydər Əliyev Mərkəzində Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə hazırlanan "Klassik Avtomobil sərgisi" ilə tanış olub. Bildirilib ki, bu sərgi avtomobil tarixinin öyrənilməsi və klassik avtomobillərlə yaxından tanışlıq üçün avtomobil sevərlərə gözəl fürsət yaradıb. Jan Tod, eyni zamanda Mərkəzdəki "Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan", amerikalı rəssam Corc Kondonun fərdi sərgisi ilə tanış olub.

    Jan Tod, ölkəmizdə Azərbaycan Avtomobil Federasiyası tərəfindən görülən işləri yüksək qiymətləndirərək bu layihələrin davam etdirilməsinin vacibliyini qeyd edib. O, ölkə daxilində keçirilən avtomobil yarışlarının, pilotların hazırlanması, azərbaycanlı təmsilçilərin digər ölkələrdəki yarışlarda iştirakının avtomobil idmanının inkişafı baxımından əhəmiyyətli olduğunu qeyd edib. Jan Tod, həmçinin Azərbaycanda avtomobil yarışı trekinin tikintisinin bu idman növünün inkişafı üçün vacib olduğunu bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi