Bakı. 1 may. REPORT.AZ/ "Hazırda Azərbaycanda gimnastikanın inkişafını çox yüksək dəyərləndirirəm. Əminəm ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan həm idman gimnastikası, həm idman, həm bədii, həm də batut gimnastikası üzrə yarışlarda təmsil olunacaq".
"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Gimnastika Federasiyasının (FİG) prezidenti Morinari Vatanabe deyib. Yaponiyalı funksioner bildirib ki, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var: "Əvvəlki illərdə də Bakıda Dünya Kuboku yarışları keçirilib. Hər dəfə yeniliklər görürük. Bütün iştirakçılar həmişə razı qalırlar. Federasiyanın baş katibi Fərid Qayıbov mənim qardaşımdır. Onu yaxşı tanıyır və fəaliyyətini bəyənirəm. Qayıbova yalnız uğurlar arzulayıram".
M.Vatanabe gimnastika növlərində yeniliklər etmək niyyətində olduqlarını açıqlayıb. Planda daha çox media nümayəndəsi və azarkeşin yarışlara cəlb olunması da var.
Qeyd edək ki, FİG prezidenti bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının fəxri doktoru adına layiq görülüb.