Yuxarı

FİDE rəsmiləri Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi "Crystal Hall"a baxış keçirib

Georgios Makropulos arena ilə tanış olub

Bakı. 7 aprel. REPORT.AZ/ Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin (BŞOƏK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, FİDE rəsmiləri gənclər və idman naziri Azad Rəhimov, eləcə də BŞOƏK-nin rəhbərliyi ilə görüşərək, yarışın hazırlıq işləriylə tanış olub.

FİDE nümayəndə heyəti eyni zamanda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi "Crystal Hall"da təşkilati işlərlə maraqlanıb. Qonaqlar Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovla görüşüb. Arenada oyun zalı, mətbuat və tibb otağı, VİP sektor, tamaşaçılar üçün nəzərdə tutulan yerlərə baxış keçirilib.

FİDE rəsmilərinə "Crystal Hall"da mətbuat işçilərinin rahat çalışması üçün xüsusi geniş mərkəzin fəaliyyət göstərəcəyi barədə məlumat verilib. Olimpiada vaxtı tamaşaçıların da oyun zalına asanlıqla daxil ola biləcək. Oyun zalında yerləşdiriləcək monitorlar partiyaları bütün istiqamətlərdən rahat izləməyə imkan verəcək. Arenadakı vəziyyətlə tanış olan FİDE prezidenti vəzifəsini icra edən G.Makropulos görülən işlərdən razılığını bildirib. O, oyun zalında şahmatçılar üçün geniş yerin ayrıldığını xüsusi vurğulayıb. Hazırlıq işlərinin həlledici mərhələyə yaxınlaşdığını söyləyən BŞOƏK-nin direktoru Mahir Məmmədov yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüləcəyini deyib.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14 gün davam edəcək. Olimpiada günlərində paytaxtda həm də FİDE Konqresinin növbəti iclası olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi