FİDE-nin prezidenti: "Uşaqlar arasında Şahmat Olimpiadası Bakıda keçirilə bilər"

FİDE-nin prezidenti: "Uşaqlar arasında Şahmat Olimpiadası Bakıda keçirilə bilər" "Azərbaycan etimadı artıqlaması ilə doğruldub"
Fərdi
3 Sentyabr , 2016 22:18
FİDE-nin prezidenti: Uşaqlar arasında Şahmat Olimpiadası Bakıda keçirilə bilər

Bakı. 3 sentyabr. REPORT.AZ/ FİDE-nin prezidenti Kirsan İlümjinov Bakıda təşkil olunan 42-ci Ümumdünya Şahmat Olimpiadasının Media Mərkəzində mətbuat konfransı keçirib.

"Report" xəbər verir ki, ali şahmat qurumunun rəhbəri ilk olaraq ölkəmizdə keçirilən Olimpiadanın yüksək təşkilatçılığından söz açıb.

Bakıda Ümumdünya Şahmat Olimpiadası və FİDE-nin Konqresinin təşkili üçün hər cür şəraitin yaradıldığını deyən K.İlümjinov, buna görə Azərbaycan dövlətinə, ölkə başçısı İlham Əliyevə təşəkkür edib. O bildirib ki, Azərbaycan etimadı artıqlaması ilə doğruldub:

"4 il əvvəl FİDE üzvləri Olimpiadanın Bakıda keçirilməsinə yekdilliklə səs vermişdilər. Azərbaycan bu etimadı artıqlaması ilə doğruldub. Bu, FİDE-nin tarixində ən yaddaqalan olimpiadalardan biri, bəlkə də birincisidir. Təşkilatçılıq çox yüksək səviyyədədir. Qonaqların gəlişi, qarşılanması, otellərdə yerləşdirilməsi, qidalanma, yarış zalı, jurnalistlərin iş otağı - bütün bunlar ən yüksək səviyyədə təşkil edilib”.

K.İlümjinov Olimpiadanın yüksək təşkilatçılığını dövlət dəstəyi ilə əlaqələndirib:

“Bu, FİDE-yə rəhbərlik etdiyim dövrə baş tutan sayca 11-ci olimpiadadır. Bakıdakı turnir 11 olimpiada arasında ən yaxşısıdır. FİDE rəsmiləri, Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi, hökümət rəhbərlərinin birgə əməyi nəticəsində Olimpiada ən yüksək səviyyədə təşkil edilib”.

FİDE rəhbəri prezident İlham Əliyevin olimpiadaya göstərdiyi maraqdan da söz açıb:

“FİDE rəsmiləri üçün Azərbaycan prezidentinin açılış mərasimində iştirakı, turnirdəki ilk gedişi etməsi çox xoş idi. Ölkənin 1 nömrəli şəxsinin olimpiadaya qatılması təkcə Azərbaycan yox, dünya şahmatı üçün də böyük təbliğatdır. Bakı Olimpiadası iştirakçıların sayına görə rekorda imza atıb. Olimpiadada 176 ölkənin nümayəndəsi yarışır. İdmançıların səviyyəsi də olduqca yüksəkdir. Olimpiadada 273 kişi, 88 qadın, ümumilikdə 361 qrossmeyster, eləcə də 300 beynəlxalq dərəcəli usta mübarizə aparır. Bakıda 2 hazırkı dünya çempoinu, kişilər arasında Maqnus Karlsen, qadınlardan Hou Yifan iştirak edir. Eləcə də keçmiş dünya çempionlarının sayı kifayət qədərdir”.

K.İlümjinov Bakıda baş tutacaq FİDE Konqresində bir çox vacib qərarların qəbulunun gözlənildiyini söyləyib:

“Qarşıdakı günlərdə FİDE-nin Konqresi start götürəcək. Burada bir çox məsələlər müzakirə olunacaq. Şahmatın inkişafı yolunda mühüm addımların atılacağına inanırıq”.

FİDE rəhbəri Olimpiadanın yüksək səviyyəli təşkilində yarışın təşkilat və əməliyyat komitələrinin rolunu vurğulayıb:

“Onlar böyük iş görüblər, bunu mütləq qeyd etmək lazımdır. Bilirəm ki, Təşkilat Komitəsinin rəhbəri Yaqub Eyyubov hər gün təşkilatçılıqla çox ciddi şəkildə maraqlanırdı. Bir sözlə, olimpiadanın ən yüksək səviyyədə baş tutması üçün lazım olan bütün işlər görülüb. Eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin fəaliyyətini vurğulamaq lazımdır. İdeal şərait yaradılıb. İndi şahmatçılara yalnız oynamaq qalır”.

O, Azərbaycanın gələcəkdə də ən böyük şahmat yarışlarına ev sahibliyi edə biləcəyini söyləyib:

“Qonaqlar Bakıda özlərini çox rahat hiss edirlər. FİDE rəsmiləri hər zaman Bakıda olmağa hazırdırlar. Bizi burada çox yaxşı qarşılayırlar. İstənilən şahmatçıdan soruşun, iki əlli Bakının ən böyük yarışlara ev sahibliyi etməsinə razı olacaq. Bu barədə müzakirələrimiz olub. Gələcəkdə uşaqlar arasında Olimpiadanı Bakıda təşkil edə bilərik”.

Kirsan İlyumjinov olimpiadada hansı komandaya azarkeşlik etməsi ilə bağlı sualı belə cavablandırıb:

“Rusiya vətəndaşıyam. Digər tərəfdən də Azərbaycanda qonağıq. Azərbaycana necə azarkeşlik etməyək? Bir tərəfdən Rusiya, digər tərəfdən Azərbaycanın qələbə qazanmasını istərdim. Qonaq komandalar hamısı mənə yaxınlaşaraq müxtəlif suallar verir. Onlara da dəstək olmaq lazımdır. FİDE-nin üzvü olan bütün ölkələrə azarkeşlik edəcəyəm”.

Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası sentyabrın 14-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi