FİDE Harri Kasparovu korrupsiya faktı ilə əlaqədar 2 il müddətinə cəzalandırıb

FİDE Harri Kasparovu korrupsiya faktı ilə əlaqədar 2 il müddətinə cəzalandırıb Qurumun sinqapurlu sabiq baş katibi İqnatius Leonq da eyni müddətə diskvalifikasiya edilib
Fərdi
22 Oktyabr , 2015 10:49
FİDE Harri Kasparovu korrupsiya faktı ilə əlaqədar 2 il müddətinə cəzalandırıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov FİDE (Beynəlxalq Şahmat Federasiyası) ilə əlaqəli istənilən fəaliyyətdən 2 il müddətinə kənarlaşdırılıb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, FİDE-nin sinqapurlu sabiq baş katibi İqnatius Leonq da eyni cəzanı alıb.

Araşdırmalar nəticəsində məlum olub ki, ötənilki prezident seçkisindən öncə, bu vəzifəyə namizəd olan H.Kasparovla FİDE-nin o dövrdəki baş katibi İ.Leonq müqavilə bağlayıb. Dünya çempionu Asiya regionu üzrə federasiya adından ona səslərin verilməsi qarşılığında sinqapurlu funksionerə 500 min dollar ödəyib. Amma yekunda o uduzub və təşkilatın rəhbəri postuna Kirsan İlümjinov yenidən seçilib. FİDE H.Kasparovla İ.Leonqu qurumun mənəviyyat kodeksini pozmaqda da günahlandırıb.

Qeyd edək ki, Harri Kasparov Ümumdünya Şahmat olimpiadalarının 8 qat qalibi, 11 şahmat "Oskar"ının sahibidir. O, 2005-ci ildə özünü siyasi fəaliyyətə həsr etmək üçün şahmatçı karyerasını başa vurub. Bir sıra müxalifətçi hərəkatların sıralarına qatılıb. Əslən bakılı sabiq dünya çempionu hazırda FİDE-də heç bir vəzifə tutmur. 

Son xəbərlər

Orphus sistemi