Fərid Qayıbov: "II Avropa Oyunlarında qitə gimnastika ailəsinin böyüklüyünü hiss edəcəyik"

Fərid Qayıbov: "II Avropa Oyunlarında qitə gimnastika ailəsinin böyüklüyünü hiss edəcəyik" Biz tədbirlərimizi tam həcmdə davam etdiririk. Qarşıdakı 8 həyəcanlı gün ərzində - 22 - 30 iyunda Minsk arenasında kifayət qədər isti olacaq.
Fərdi
13 İyun , 2019 09:49
Fərid Qayıbov: II Avropa Oyunlarında qitə gimnastika ailəsinin böyüklüyünü hiss edəcəyik

"Biz tədbirlərimizi tam həcmdə davam etdiririk. Qarşıdakı 8 həyəcanlı gün ərzində - 22 - 30 iyunda Minsk arenasında kifayət qədər isti olacaq".

"Report"un məlumatına görə, bu fikirlər Avropa Gimnastika İttifaqının (UEG) prezidenti Fərid Qayıbovun "Minsk 2019" II Avropa Oyunları ərəfəsində müraciətində yer alıb. Azərbaycanlı funksioner bildirib ki, Belarusun paytaxtında keçiriləcək II Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə mübarizə gedəcək. Format isə adi qitəmiqyaslı yarışlardan fərqlənəcək: "Məsələn, bədii gimnastikanın qrup hərəkətləri növündə, eləcə də akrobatika və aerobikada idmançılar birbaşa finalda mübarizə aparacaqlar. Bizi maraqlı yarışlar gözləyir".

F.Qayıbovun sözlərinə görə, bu qədər gimnastika yarışını eyni vaxtda keçirmək asan deyil. Lakin o, birgə səylər nəticəsində daha bir problemi arxada qoyacaqlarını və Avropa gimnastika ailəsinin böyüklüyünü hiss etmək üçün hamılıqla gözəl anlardan zövq alacaqlarını vurğulayıb.

Qitə gimnastika qurumunun rəhbəri mayda Bakıda iki həftə ərzində iki növ üzrə "AeroRhytm" şüarı altında iki nüfuzlu yarış keçirdiklərini xatırladıb. O, 16 - 19 mayda bədii gimnastika üzrə 35-ci, 24 - 26 mayda isə aerobika üzrə 11-ci Avropa çempionatını yüksək səviyyədə təşkil etdiklərini vurğulayıb. F.Qayıbov buna görə yerli Təşkilat Komitəsinə minnətdarlığını bildirib. UEG prezidenti Avropa çempionatı zamanı məşqçilərlə maraqlı diskussiyaların aparıldığını, onların problemlərini və arzularını dinləyərək, bunlardan bəzilərinə dərhal reaksiya verdiklərini diqqətə çatdırıb: "Qalan məsələlərin həlli üçün isə vaxt lazımdır. Vəd etdiyim kimi, bu məsələləri İcraiyyə Komitəsinin növbəti iclaslarında dinləyəcəyik".

Sonda UEG prezidenti idmançılara uğurlar arzulayıb. 

Qeyd edək ki, "Minsk 2019" II Avropa Oyunlarının açılış mərasimi iyunun 21-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi