Fərid Qayıbov Mingəçevirdə avarçəkmə üzrə Gənclər Kubokunu izləyib

Fərid Qayıbov Mingəçevirdə avarçəkmə üzrə Gənclər Kubokunu izləyib Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə Gənclər Kuboku start götürüb.
Fərdi
29 Yanvar , 2022 13:22
Fərid Qayıbov Mingəçevirdə avarçəkmə üzrə Gənclər Kubokunu izləyib
Fərid Qayıbov

Mingəçevirdəki Kür Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə, kayak və kanoe üzrə Gənclər Kuboku start götürüb.

"Report"un məlumatına görə, 70-dək idmançının qatıldığı yarışda akademik avarçəkənlər 500 metr, kayak və kanoeçilər isə 200 metr və 500 metr məsafələrə 1 nəfərlik və 2 nəfərlik qayqlarla mübarizə aparacaqlar.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbovla, Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Vüqar Əhmədov da iştirak edib.

AMAF-ın baş katibi Fərhal Əliyev bildirib ki, reqatanın ilin ilk ayındaca təşkilində bir neçə məqsəd var: "Pandemiya ilə əlaqədar iki ilədək avarçəkmə növləri üzrə heç bir yarış keçirilməyib. Çoxdandır yarış görməyən idmançılar üçün ilk reqatanı təşkil etdik. Digər tərəfdən, fevralın 2-də Gənclər gününün 25 illik yubileyi tamamlanacaq. Ona görə də reqataya Gənclər Kuboku adını verdik".

Baş katibin sözlərinə görə, apreldə Mingəçevirdə beynəlxalq reqatalar da təşkil olunacaq. O, ilk beynəlxalq reqatadan sonra ayrı-ayrı yaş qrupları üzrə milli komandaların tərkibinin formalaşdırılacağını söyləyib: "Bu il oktyabrda da beynəlxalq reqata təşkil edəcəyik. Artıq avarçəkənlərimiz hazırlıqlara başlayıblar, hər gün burada məşqlər keçirilir. Aprel reqatamızdan sonra milli komandaların tərkibi müəyyənləşdiriləcək və onlar Avropa və dünya çempionatlarına göndəriləcəklər. Qarşıdakı reqatalarda daha çox idmançının iştirakına çalışacağıq".

AMAF rəsmisi yarışı izləməyə gələn Çağlar Özdemirin milli komandalardan birinə baş məşqçi təyin olunacağını istisna edib. O, Özdemirin sadəcə, qonaq qismnində dəvət edildiyini vurğulayıb. Baş katib yerli mütəxəssislərin hazırlıqlarına diqqət yetirəcəklərini söyləyib: "Əvvəllər milli komandalarımızda çıxış etmiş avarçəkənlərin hamısı ilə görüşəcəyik. Bu idman növü ilə məşğul olmaq istəyənlərin potensialına baxacağıq. Davam etmək istəsələr, müvafiq qərar qəbul edə bilərik. İdmançı kimi qalmaq istəməsələr, onlardan məşqçi kimi yararlanmağı planlaşdırırıq. Yığma komandalara baş məşqçi təyinatları ilə bağlı hələlik məlumat yoxdur. Amma istənilən halda, yerli məşqçilərimizlə əməkdaşlığa davam edəcək, onlar üçün treninqlər keçməyə çalışacağıq ki, yeni üslubda nə varsa, onları mənimsəsinlər".

F.Əliyevin sözlərinə görə, ən böyük məqsədlərindən biri Bakıda da məşq imkanının yaradılmasıdır: "Bu məqsədlə paytaxtda müvafiq məkan axtaracağıq. Hazırda belə imkan yalnız Mingəçevirdədir. Digər regionlarda da məşq mərkəzləri yaratmaq istəyirik. Hazırda bütün variantları yerindəcə mütəxəssislərlə birgə nəzərdən keçirir, suyun təmizliyini yoxlayırıq. Mütəxəssislərlə məsləhətləşmələrdən sonra Bakıda məşq mərkəzini harada yaradacağımızı biləcəyik".

Avarçəkənlərin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmalarının çətinliyini vurğulayan AMAF rəsmisi 2028-ci il Los-Anceles olimpiadasında öz yetirmələri ilə təmsil olunmağa çalışacaqlarını diqqətə çatdırıb.

O, "Kür" Olimpiya Mərkəzində fevraldan etibarən Rusiya yığmasının avarçəkənlərinin də təlim-məşq toplanışı keçəcəklərini əlavə edib: "Xarici ölkələrin yığma komandaları pandemiya ilə əlaqədar iki ildir burada heç bir təlim keçmir. Ənənə bu ildən bərpa olunacaq və fevralda Rusiya yığması Mingəçevirə toplanışa gələcək".

Son xəbərlər

Orphus sistemi