Fariz Məmmədov: "Rəqibin qələbə arzusunu ürəyində qoyacam"

Fariz Məmmədov: "Rəqibin qələbə arzusunu ürəyində qoyacam" Azərbaycan və Uqanda boksçularının döyüşü fevralın 6-da saat 19:00-da Boks Mərkəzində keçiriləcək
Fərdi
5 Fevral , 2016 20:20
Fariz Məmmədov: Rəqibin qələbə arzusunu ürəyində qoyacam

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanlı boksçu Fariz Məmmədov və Uqanda təmsilçisi Badru Lusambia arasında WBF və WBCA versiyalarında dünya çempionluğu üzrə döyüşdən öncə mətbuat konfransı təşkil olunub. "Report"un məlumatına görə, Boks Mərkəzində keçirilən konfransda idmançılar, onların məşqçiləri və WBF supervayzaeri Toni Tiberi və WBCA-nın supervayzeri Yaşar Niftəliyev iştirak ediblər.

Yaşar hər iki boksçuya uğurlar arzulayıb: "Güclü qalib gəlsin. İnanıram ki, Fariz bizi yox, bütün Azərbaycanı sevindirəcək. Farizin uğrunda mübarizə aparacağı bu kəmər əsl dünya kəməridir. Rəqib keçirdiyi 28 döyüşün 2-də məğlub olub və 22-ni vaxtından əvvəl başa vurub. Fariz isə 21 döyüşdən 18 dəfə qələbə qazanıb. Bunlardan 12-i vaxtından əvvəl başa çatıb".

Toni Tiberi Bakıda bu cür döyüşün keçirilməsindən məmnun olduğunu deyib. O bildirib ki, boksçuları 12 raundluq döyüş gözləyir.

F.Məmmədov bu döyüşün 15 ilin həsrəti olduğunu söyləyib: "Peşəkar boksa qədəm qoyandan bu titul uğrunda döyüşmək mənim arzum olub və sabah bu titul üçün döyüşəcəm. Menecerim və "Qəbələ" klubuna təşəkkür edirəm ki, bu arzumu yerinə yetirməyə kömək etdilər. Əlimdən gələni, hətta gəlməyəni də rinqdə edəcəm. Rəqib ciddidir. Bu da məni sevindirir. Avqustdan hazırlığa start vermişik. İki ukraynalı məşqçim var. 10 həftə fiziki hazırlıq, 6 həftə isə boks hazırlığı olub. Çox ciddi hazırlaşmışam. Çalışacam ki, öz millətimi və boks həvəskarlarını sevindirim. 6 aydır sol əlli rəqibə hazırlaşıram. Bu döyüşə tam hazıram. Peşəkar boksda istəyərlər ki, 12 raund yox, daha tez qurtarsın. Ancaq biz məşqçi heyəti ilə bunu müzakirə etmişik. Və bütün raundlar üçün hazırlaşmışıq. Əlimdən gələni edəcəm və düşən imkanı əldən buraxmayacam. Nəticədən asılı olmayaraq döyüşdən sonrakı hisslərimi hər kəslə bölüşəcəm. Rəqib iddialıdır və bu da onu göstərir ki, yaxşı hazırlaşıb. Mənə elə gəlir ki, rəqibin qələbə arzusunu ürəyində qoyacam".

B.Lusambia isə Azərbaycana ilk dəfə gəldiyini və rinqdən qələbə ilə ayrılacağını bildirib: "Azərbaycana ilk gəlişimdir. Ləqəbim "Mister Crash", yəni "Cənab Dağıdan"dır. Gəlmişəm ki, rəqibimi məğlub edim və kəmərləri özümlə aparım. Rəqibim haqda hansısa məlumat əldə etməyim mənə maraqlı deyil. Mən öz məşqimi edirəm. Sabahkı döyüşdə kəmərləri aparmağa gəlmişəm". 

Azərbaycanlı boksçunun məşqçiləri isə idmançılarının sabahkı döyüşə tam hazır olduqlarını bildiriblər. Onlar bu yarışa uzun müddətdir hazırlaşdığını və qələbə qazanacağını deyiblər. 

Daha sonra idmançıların çəki mərasimi keçirilib.

Qeyd edək ki, boksçuların döyüşü fevralın 6-da saat 19:00-da Boks Mərkəzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi