​Fabiano Karuana: "Rauf Məmmədovla görüşdə favorit göstərilməyim düz olmaz"

​Fabiano Karuana: "Rauf Məmmədovla görüşdə favorit göstərilməyim düz olmaz" "Bakıda da qələbə qazanmaq istəyirəm"
Fərdi
14 Sentyabr , 2015 12:12
​Fabiano Karuana: Rauf Məmmədovla görüşdə favorit göstərilməyim düz olmaz

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Əvvəllər də Azərbaycanda olmuşam. Apreldə Şəmkirdə keçirilən turnirdə böyük həvəslə iştirak etdim. İndi isə paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmaqdan məmnunam". "Report"un məlumatına görə, bunu Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında şahmat üzrə Bakıda keçirilən "Dünya Kuboku-2015"in iştirakçısı Fabiano Karuana deyib.

Kubokun 1/32 final mərhələsində Rauf Məmmədovla üz-üzə gələcək italyan əsilli ABŞ təmsilçisi təşkilatçılıqdan razı qaldığını söyləyib. O, ilk mərhələdə asan qələbə qazandığını bildirib: "Tunis idmançısı Amir Zaibi ilə oynamaq çətin olmadı. Bununla belə, çətin görüşlərin irəlidə olduğunu bilirəm. Raufla görüşdə favorit göstərilməyim düz olmaz. Dünya Kubokunda favorit yoxdur. Reytinq çox şeyi həll etmir. Digər tərəfdən, Rauf Dünya Kubokunda zəif rəqib olmadığını əvvəlcədən bilirdi. Mənim yerimə başqa reytinqli şahmatçıyla üz-üzə gələ bilərdi. Turnirin reqlamenti belədir ki, ikinci mərhələdən etibarən güclü şahmatçılarla oynamalısan. Məmmədovla iki dəfə müxtəlif turnirlərdə mübarizə aparmışıq. 2012-ci ildə ilk dəfə rəqib olmuşuq. Bu ilin aprelində isə Şəmkirdə oynamışıq. Yaxşı şahmatçıdır. Ona görə də hər ikimiz üçün çətin olacaq".

Dünyanın 5-ci şahmatçısı olan və yüksək reytinqinə görə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanan Karuana Bakıda da uğur qazanmaq niyyətində olduğunu söyləyib: "Reqlamentə əsasən, Dünya Kubokunda finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Sözsüz, yüksək reytinqimə görə iddiaçılar turnirində təmsil olunacağım dəqiqdir. Amma Bakıda da qələbə qazanmaq istəyirəm. İştirak etdiyim hər turnirdə qalib gəlmək xoşdur. Mümkün qədər irəli getmək və Dünya Kubokunda yaxşı nəticə qazanmaq arzusundayam".

Son xəbərlər

Orphus sistemi