Yuxarı

Fabiano Karuana: "Azərbaycan millisinin təcrübəli şahmatçıları var"

Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışlarından biridir

Bakı. 27 iyul. REPORT.AZ/ "Bakı Şahmat Olimpiadası şahmat dünyasının əsas yarışlarından biridir". 

"Report"un məlumatına görə, bunu şahmat üzrə ABŞ millisinin lideri Fabiano Karuana Bakı Şahmat Olimpiadasının mətbuat xidmətinə açıqlamasında bildirib. 

Qrossmeyster 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirakından danışıb: "Planetin bütün yığmaları mötəbər yarışda iştirak edəcək. ABŞ millisi də olimpiadaya böyük ümidlərlə yollanacaq. Olimpiada başlamazdan əvvəl nəticə haqda danışmaq düzgün olmaz. Əksər yığmalar olimpiadada əsas heyətlə çıxış edəcək. Bu isə yarışda böyük rəqabətin olacağını göstərir. İstənilən halda bizləri maraqlı yarış günləri gözləyir. Şahmatçı kimi hər oyunda maksimum nəticə uğrunda çıxış edəcəyik".

F.Karuana Azərbaycanda keçirilən yarışlarda dəfələrlə iştirak etdiyini deyib: "Ötən il paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmışam. Bu il Şəmkirdə təşkil olunan Vüqar Həşimov Memorialında ikinci yeri tutmuşam. Həmişə Azərbaycanda təşkil olunan şahmat yarışları yüksək təşkilatçılıqla yadda qalıb. Burada hər zaman iştirakçılar üçün lazımi şərait yaradılıb. Bakı Şahmat Olimpiadasının da ən yaxşı təşkilatçılıqla fərqlənəcəyinə inanıram".

ABŞ millisinin rəqiblərinə gəlincə, qrossmeyster bütün komandalara hörmətlə yanaşdığını bildirib: "Şahmat Olimpiadasında zəif rəqiblər olmur. Daha doğrusu püşk güclüləri bir-birinə rəqib edir. Kifayət qədər iddialı komandalar olacaq. Rusiya, Ukrayna, Çin yığmalarını xüsusi qeyd etmək istərdim. Meydan sahibi Azərbaycan yığmasının təcrübəli şahmatçıları var. Onlar doğma şəhərdə medallar uğrunda yarışacaq. İlk turdan sona qədər oyun nizamını qoruyan komandalar mükafatçılar sırasında yer alacaq. ABŞ millisinin heyəti yaxşı şahmatçılardan formalaşıb. Biz də istərdik ki, Bakı Şahmat Olimpiadasında yaxşı nəticə qazanaq. Bunun üçün mümkün qədər səhvə yol verməmək lazımdır. Reqlament yığmaları diqqətli olmağa məcbur edir. Bir turda uğursuzluq olarsa, komandanın mövqeyinə ciddi şəkildə təsir edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi