Yuxarı

Ermənistan himnini oturaraq dinləyən Azərbaycan samboçusu medalından və bütün yarışlardan məhrum ediləcək

Ceyhun Məmmədov: Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra birgə şəkil çəkdirməzdi

Bakı. 1 aprel. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək. Bu barədə "Report"a Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.

Onun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək: "Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O, həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək".

ASF prezidenti bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: "Biz idmançımızın özü ilə söhbət etdik. Dedi ki, bu hərəkəti qəsdən etməyib. Heç açıqlamasında da elə ifadələr işlətmədiyini bildirdi. Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra elə digər mükafatçılarla birgə erməni samboçu ilə şəkil çəkdirməzdi. Amma istənilən halda, himn çalınarkən onu ayaqüstə dinləməmək düzgün deyil".

Qeyd edək ki, artıq Sergey Yeliseyev Avropa Sambo Federasiyasının rəsmi saytına Bəxtiyar Abbasovun davranışını pisləyən açıqlama verib. O, Azərbaycan yığmasının üzvünün idmançıya yaraşmayan hərəkətə yol verdiyini bildirib. S.Yeliseyevin fikrincə, belə idmançı Dünya Kubokunun mükafatçısı olmağa layiq deyil: "Qaydaları və etikasını pozan idmançı yarışlardan kənarlaşdırılmalı və medaldan məhrum edilməlidir. İdmançının gələcək beynəlxalq turnirlərdə iştirakına dair qərarı FİAS-ın İntizam Komitəsi çıxarmalıdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi