Erməni baş məşqçi güləşçilərimizə qarşı düşmənçilik etmələrini istəmir

Erməni baş məşqçi güləşçilərimizə qarşı düşmənçilik etmələrini istəmir "Biz yarışa yalnız azərbaycanlı və ya türkləri məğlub etmək üçün getsək, uduzacağıq. Çünki yalnız bir idmançıya qarşı məşq edə bilməzsiniz"
Fərdi
7 Dekabr , 2020 18:06
Erməni baş məşqçi güləşçilərimizə qarşı düşmənçilik etmələrini istəmir
Gevorq Aleksanyan

"Müharibədən sonra yığmada xoşagəlməz vəziyyət yaranıb. Artur Aleksanyan və digərləri düşmənçiliyə görə xalçadan kənarlaşdırılsalar, biz məğlub olacağıq".

"Report"un məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Ermənistan yığmasının baş məşqçisi, olimpiya çempionu Artur Aleksanyanın atası və şəxsi məşqçisi Gevorq Aleksanyan "news.am" nəşrinə açıqlamasında 12 - 18 dekabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək fərdi dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

Mütəxəssis bildirib ki, 44 günlük döyüşlərdən sonra dərhal məşqləri bərpa etmək, idmançıları hazırlaşdırmaq və komandanı toparlamaq qeyri-mümkün idi: "Müharibədən sonra yığmada gərgin psixoloji vəziyyət yaranıb. Təlim-məşq toplanışının ilk günlərində onların gözlərinə baxdım. Sanki burada olmadıqlarını gördüm. İdmançılarda narahatlıq var idi. Hətta indi də düşüncələri başqa yerdədir. Düzdür, hardasa bu mərhələni keçə bildik. Amma müharibə hamımızın həyatında iz qoydu. Ağır günlərimiz oldu".

Dünya çempionatında erməni idmançıların Azərbaycan və Türkiyə güləşçiləri ilə mümkün qarşılaşmasına da münasibət bildirən Aleksanyan onları sırf bu görüşlər üçün hazırlamağın uğursuzluqla nəticələnəcəyini etiraf edib: "İstəsək də, istəməsək də, xalçada düşmənçilik olacaq. Bizim vəzifəmiz bunu azaltmaqdır. Biz yarışa yalnız azərbaycanlı və ya türkləri məğlub etmək üçün getsək, uduzacağıq. Çünki yalnız bir idmançıya qarşı məşq edə bilməzsiniz".

Baş məşqçinin fikrincə, idmançı bütün turniri qalib gəlməyə psixoloji cəhətdən hazır olmalıdır: "Bilmirəm insanlar məni anlayacaqlar, ya yox. Amma idman psixologiyası baxımından uşaqları türkiyəli və azərbaycanlı rəqiblərə qarşı kökləyə bilmərik. Qonşu ölkələrin təmsilçiləri ilə həmişə qarşılaşmışıq və yenə qarşılaşacağıq. Aleksanyanın əsas rəqiblərindən biri türkiyəli Cenk İldemdir. Müharibədən və bizim üçün xoş olmayan situasiyadan sonra Arturu və başqalarını döşəyə düşmənçilik ruhunda çıxarmaq uğursuzluq, hədsiz gərginlik anlamı verəcək. Bu isə qələbəyə mane olacaq".

Son xəbərlər

Orphus sistemi