EOC azərbaycanlı gimnast haqqında məqalə dərc etdi

EOC azərbaycanlı gimnast haqqında məqalə dərc etdi "İdman insanı daha güclü edir"
Fərdi
119
22 Aprel , 2021 10:26
EOC azərbaycanlı gimnast haqqında məqalə dərc etdi
Zeynəb Hümmətova

Avropa Olimpiya Komitəsi (EOC) Azərbaycan bədii gimnastı Zeynəb Hümmətovaya həsr olunmuş məqalə dərc edib.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) "Report"a verilən məlumata görə, EOC-un rəsmi saytındakı məqalədə 21 yaşlı gimnastın Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanan komandanın tərkibində yer aldığı qeyd olunub.

MOK-un təşəbbüsü ilə EOC-un saytına təqdim olunan yazıda Hümmətova idmançı karyerasından, idmanın insanda tərbiyə etdiyi xüsusiyyətlərdən və qadının idmanda iştirakından bəhs edib.

Gimnast bildrib ki, bu il əsas məqsədi olimpiadada Azərbaycanı layiqincə təmsil etməkdir. Milli komandanın üzvü 6 yaşından, valideynlərinin istəyi ilə məşğul olduğu bədii gimnastikanın həyatının ayrılmaz hissəsinə çevrildiyini söyləyib.

Müsahibədə gimnast milli komandanın tərkibindəki karyerasının maraqlı hekayəsini danışıb. Yığmanın heyətində 10 yaşında çıxış etdiyi dövrlərdə zədəli olmasına baxmayaraq, o, yarışlarda fəallıq nümayiş etdirdiyini və təslim olmadığını sözlərinə əlavə edib. Hümmətovanın sözlərinə görə, əzmkarlığını milli komandanın baş məşqçisi Mariana Vasileva görərək, çox bəyənib və milli komandaya çağırıb. Baş məşqçi həmçinin zədəsinin sağalması üçün idmançıya bərpa dövrü keçməsini tövsiyə edib. İdmançı 12 yaşında yenidən milliyə dəvət edilib və yığmanın tərkibində məşq etməyə başlayıb.

Müsahibəsində “Biz qadınlar hər bir çətinliklə mübarizə aparmağı bacarırıq” deyən Hümmətova düşünür ki, məqsədyönlü olub çalışdığın halda, idman qadınlar üçün çətin bir sahə deyil. Onun özü də malik olduğu bir çox xüsusiyyətlərə – əzmkarlığına, məqsədyönlülüyünə, çətinliklərə qarşı mübarizliyinə, dözümlülüyünə, dünyagörüşünə görə idmana minnətdardır.

Hümmətova idmanın onda formalaşdırdığı xarakter barədə də fikirlərini bölüşüb: “Ümumiyyətlə, idman insanda çox güclü xarakter yaradır. Çünki bütün çətinliklərə, günün necə keçməsinə baxmayaraq, mən xalçaya çıxanda fikirləşirəm ki, ölkəmi təmsil edirəm və hazırda özümü necə hiss etsəm də, Vətənimə borcluyam. Çalışıram ki, ölkəmi layiqincə təmsil edim. İdman insanı daha güclü edir”.

Qeyd edək ki, Zeynəb Hümmətova ilk böyük uğurunu 2018-ci ildə qazanıb. O, komandanın tərkibində Avropa çempionatında iştirak edib və bürünc medala layiq görülüb. Hümmətova 2019-cu il dünya çempionatında uğurla çıxış edərək Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 2020-ci il Avropa çempionatında iki bürünc, bir gümüş medal qazanan gimnast hazırda Avropa çempionatlarının dördqat mükafatçısı, bir sıra Dünya kuboklarının medalçısıdır.

MOK Azərbaycan idmançılarının maraqlı həyat hekayələri, Azərbaycan Olimpiya tarixinin şanlı səhifələrindən bəhs edən məqalələrin EOC da daxil olmaqla, bir çox beynəlxalq nüfuzlu idman media platformalarında yayımlanması istiqamətində işləri davam etdirir.

Son xəbərlər

Orphus sistemi