Elxan Məmmədov: "Heç vaxt olimpiya çempionlarından geri qalmamışam"

Elxan Məmmədov: "Heç vaxt olimpiya çempionlarından geri qalmamışam" Elə idman növləri var ki, burada olimpiya oyunlarında və dünya çempionatlarında uğur qazanmaq digərlərinə nisbətən çətindir.
Fərdi
30 İyun , 2022 17:18
Elxan Məmmədov: Heç vaxt olimpiya çempionlarından geri qalmamışam

Elə idman növləri var ki, burada olimpiya oyunlarında və dünya çempionatlarında uğur qazanmaq digərlərinə nisbətən çətindir.

Yaponların yaratdığı cüdoda da hegemonluq demək olar ki, əsasən bu ölkənin idmançılarına məxsusdur.

1992-ci ildə Nazim Hüseynov İspaniyanın Barselona şəhərindəki, 2008-ci ildə isə Elnur Məmmədli Çinin paytaxtı Pekindəki Yay Olimpiya Oyunlarında qızıl medala sahib çıxa bilib. Azərbaycanda cüdo üzrə yeganə dünya çempionu isə 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində qızıl medal qazanmış Elxan Məmmədovdur.

Hazırda gənclərdən ibarət yığmanın baş məşqçisi olan mütəxəssis "Report"a açıqlamasında cüdoya gəlişinin məhz Nazim Hüseynovla bağlı olduğunu söyləyib: "1995-ci ildən cüdo ilə məşğul olmağa başlamışam. Bu idman növünə gəlməyimin səbəbkarı 1992-ci ildə olimpiya çempionu olmuş Nazim Hüseynovdur. Onun tarixi və unudulmaz çempionluğu həmin vaxt məndə həvəs yaratmışdı".

Veteran cüdoçu 100 kq çəki dərəcəsində qızıl medal qazandığı 2013-cü il mundialından söz açıb. Məmmədov həmin yarışda titullu idmançıların çoxluq təşkil etdiyini bildirib: "Yaxşı xatırlayıram, dünya çempionatındakı israilli Or Sassona qarşı ilk görüşüm çox çətin keçmişdi. Yaponiya təmsilçisi Takaşi Ono və niderlandlı Henk Qrolla final qarşılaşmasını da xüsusi qeyd etməliyəm. Birinci qarşılaşmada İsrail idmançısı iki yuko xalı ilə öndə idi. Görüşün sonuna 50 saniyə qalmış özümü toparlaya bildim. Həmin an güləş gedə-gedə özümə sual verdim: “Hər şey bura qədər idi? Axı mən bu qədər əziyyət çəkmişəm. Niyə alınmır və bunun səbəbi nədir”? Özümü rəqibə elə göstərdim ki, artıq mən səninlə bacarmıram. Hiylə işlədib vazari və ardınca ipponla onu məğlub etdim. Qrolla final qarşılaşması da maraqlı alınmışdı. Onoya qarşı duel isə dramatik idi. Vazari xalı qazanmışdım və üstünlümü sonadək saxlamağı bacardım. Öz-özümə danışıb-deyirdim ki, səhv etmək olmaz, mütləq qalib gəlmək lazımdır. Demək olar ki, hər döyüşdə özümə bu sözləri deyirdim".

Təcrübəli cüdoçu müstəqillik dönəmində onun uğurunun təkrarlanmamasına da toxunub: "Bizim hər iki olimpiya çempionumuz – Nazim Hüseynov, Elnur Məmmədli, həmçinin Rüstəm Orucovla Orxan Səfərov da bu titulu qazanmağa yaxın olublar. Dünya çempionluğu olimpiada kimi idmançının karyerasında çox önəmlidir və pik həddir. Burada digər məsələlərdən daha çox psixoloji hazırlıq da vacibdir. Ümid edirəm ki, gələcəkdə cüdoda yeni dünya çempionları olacaq. Azərbaycanlı cüdoçuların bu uğuru təkrarlayacaqlarına inamım böyükdür".

Məmmədov hazırda bəzi cüdoçuların məhz bu titula sahib çıxmaq üçün imkanlarının olduğunu vurğulayıb: “Hazırda güclü cüdoçularımız var. Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) dünya çempionu olmaq üçün potensiallara malikdirlər. Belə yarışlarda ən əsas məsələ psixoloji hazırlıqdır. Çünki bir gün 5-6 görüşün hamısını yüksək səviyyədə keçirməlisən. Bunun üçün fiziki hazırlığınız qədər psixoloji hazırlığınız da olmalıdır. Cüdoçularımızın fiziki, texniki və psixoloji hazırlıqları yaxşı olsa, mənim uğurumu təkrarlaya bilərlər”.

Dünya çempionu olimpiadalarda medalçılar sırasına düşə bilməməsinindən də söz açıb: “Bu, çox maraqlı sualdır. Karyeramdakı bütün turnirlərdə demək olar ki, medallar əldə etmişəm. Avropa və dünya çempionu olmaqla yanaşı, Böyük Dəbilqə yarışlarında, Qran-prilərdə, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında və "World Masters"də qızıl medallara sahib çıxmışam, 2008 və 2012-ci il olimpiadalarında iştirak etmişəm. Hər ikisində də önümü olimpiya çempionları kəsib. Pekin-2008-də 1/4 final mərhələsində gürcüstanlı İraklı Tsirekidzeyə, London-2012-də isə 1/8 finalda cənubi koreyalı Song Dae-nama uduzmuşam. Pekində təsəlliverici görüşlərdə də iştirak etdim, amma artıq o istək məndə yox idi. Çünki çempionluğa köklənmişdim. Məğlub olduğum cüdoçular sonda çempion adını qazandılar. Olimpiya çempionlarını həmin gündə dayandırmaq mümkün deyil. Bəlkə də mən psixoloji olaraq tam hazır deyildim. Karyeram ərzində 90 kq və 100 kq çəki dərəcələrində 5-dək olimpiya çempionuna qalib gəlmişəm. Heç vaxt onlardan geri qalmamışam. Həmin illərdə hazırlığım və ya psixoloji durumum yerində olmadığından, olimpiya medalını götürə bilməmişəm".

Məmmədov məşqçi karyerasındakı hədəflərindən danışıb: “Artıq gənclərdən ibarət komandanın baş məşqçisiyəm. Keçən ilədək isə əsas komandanın böyük məşqçisi idim. Məşqçi işlədiyim dönəmlərdə cüdoçularımız Avropa və dünya çempionatlarından medallar gətirib. Hazırda üzərimə qoyulan tapşırıq gəncləri yetişdirmək, Avropa və dünya çempionatlarında nəticə verməkdən ibarətdir. Əsas məqsədim isə həmin gəncləri tezliklə böyüklərə uyğunlaşdırmaqdır”.

Son olaraq Azərbaycan cüdosunun perspektivlərindən söz açan veteran cüdoçu Azərbaycanın dünya cüdosuna Elnur Məmmədli və Nazim Hüseynov kimi simalar bəxş etdiyini vurğulayıb: "Bizim cüdoçuların adları dominantlıq edən idmançıların sırasında çəkilir. Həmişə gələcəyə ümidlə baxmışam, əminəm ki, Azərbaycan cüdoçuları gələcəkdə də öz sözlərini deyəcəklər”.

Son xəbərlər

Orphus sistemi