Elmar Qasımov: "Bir də video çəkmərəm"

Elmar Qasımov: "Bir də video çəkmərəm" Azərbaycan cüdoçusu, Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionu olmuş, dünya çempionatının bürünc və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun "Report"a müsahibəsi
Fərdi
1908
1 Sentyabr , 2021 17:26
Elmar Qasımov: Bir də video çəkmərəm

Azərbaycan cüdoçusu, Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionu olmuş, dünya çempionatının bürünc və Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun "Report"a müsahibəsi

"Olimpiadadan sonra karyeramı başa vurmağı fikirləşirdim"

- Bu günlərdə Tokioda Yay Paralimpiya Oyunları keçirilir. Bir müddət öncə isə olimpiada başa çatıb. Azərbaycan cüdoçularının hər iki yarışdakı çıxışını necə dəyərləndirirsiniz? Ümumiyyətlə, olimpiyaçılarımızın çıxışı barədə nə deyə bilərsiniz? 3 gümüş, 4 bürünc medal qazanıldı...

- Paralimpiyaçılarımızdan danışsaq, onlar çox yaxşı çıxış etdilər. Bir neçə qızıl medal qazandılar. Nəticələr çox yaxşıdır. Olimpiadada isə fikrimcə, pandemiyaya görə nəticə zəif oldu. Ancaq bununla əlaqələndirə bilərəm. Çünki əvvəlki olimpiadalarda Azərbaycan komandası çox yaxşı çıxış edib.

- Özünüz necə oldu ki, milli komandadan kənarda qaldınız?

- Pandemiyadan öncə Avropa çempionatında 3-cü yeri tutdum, dünya çempionatında isə 5-ci oldum. Yaponiyadakı "Grand Slam"da gümüş, Rumıniya Qran Prisində bürünc medal qazandım. Pandemiya dövründə isə uzun müddət məşq edə bilmədik. Bundan başqa, xaricdə yarışlarda olanda çölə buraxmırdılar, həvəssiz olurdum. Zelim Kotsoyev gəncdir, həvəslidir. Olimpiadaya düşmək istəyirdi. Yarışlarda yaxşı nəticə göstərdiyinə görə reytinqdə məndən qabaqda oldu və Oyunlara qatıldı.

- Rəsmi yarışlarda bir-birinizlə qarşılaşmısınız?

- Səhv etmirəmsə, 2019-cu ildə Türkiyənin Antalya şəhərindəki Qran-pridə rəqib olmuşduq. Həmin yarışda mən qalib gəlmişdim.

- Kotsoyevin reytinqdə sizdən önə keçdiyini nəzərə alsaq, seçimi haradasa ədalətli saymaq olar?

- Əlbəttə, seçim tam ədalətli idi. Məşqçilər arasında fikir var idi ki, Elmarı aparmaq olar. Bu isə məni sıxırdı. Çünki düzgün deyil. Mən yarışlarda uduzurdum, pis güləşirdim, Zelim isə yer tuturdu. Yəni onların bu cür fikirləşməsi belə, məni narahat edirdi. Özümə də pis gəlirdi. Olimpiadaya Kotsoyev getməli idi.

- Siz təcrübəli idmançısınız, yaxşı nəticələriniz var. Özünüz də gördünüz ki, olimpiadada uğur qazanan idmançılar məhz təcrübəlilər oldu. Bir növ, təcrübə öz sözünü dedi. Amma Rioda gümüş medal qazanmış cüdoçu bu dəfə kənarda qaldı. Ən azı digər çəki dərəcəsində qüvvənizi sınaya bilərdiniz. Bəlkə çəki ilə bağlı problemə görə Tokio olimpiadasına gedə bilmədiniz?

- Dediyim kimi, burada əsas rolu pandemiya oynadı.

- Bu müddətdə çəkiniz artmışdı?

- Xeyr, çəkim 102 kq - 106 kq arasında idi. Yəni bu, mənim üçün problem deyil. Pandemiyadan əvvəlki yarışda medal da götürmüşdüm. Pandemiyadan sonra isə əvvəlkitək güləşə bilmirdim. İstədiyim kimi olmurdu.

- Karyeranızı bitirmək barədə fikirləşirdiniz?

- 2019-cu ildə belə bir fikrim olub. Olimpiadadan sonra karyeramı başa vurmağı fikirləşirdim. Düşünürdüm ki, orada qazanacağım nəticədən asılı olaraq, yekun qərarımı verərəm.

- Niyə belə fikrə düşmüşdünüz?

- İdmançıda bu hallar çox tez-tez olur. Hacı Əliyevin də dediyi kimi, çox çətindir, ağırdır. Evdən uzaqda, orada-burada qalırsan, vaxtında yatıb-durursan, yorğun olursan. Həyatın sırf idmana bağlı olur. Bu cəhətdən adama ağır gəlir. Bu fikir tək məndə yox, peşəkar idmanla məşğul olan hər kəsdə tez-tez yaranır.

- Bəzən cüdo federasiyasının rəsmiləri ilə söhbət edəndə deyirlər ki, Elmarın şəxsi həyatındakı problemlər də onun nəticələrinə təsir göstərir...

- Düzdür, əvvəllər var idi, amma indi mənim şəxsi həyatımda heç bir problem yoxdur.

"Milli komandada dəyişikliklər olmalı idi"

- Olimpiadadan sonra federasiya rəhbərliyi qərar verdi ki, milli komandanın məşqçilər heyəti ilə yollar ayrılsın. Bu qərarı necə qarşıladınız?

- Fikrimcə, normal qərardır. Çünki nəticə olmadı. Zəif çıxışın səbəbini deyə bilmərəm. Amma dəyişiklik olmalı idi.

- Bəlkə püşkatmaya görə oldu. İdmançılar psixoloji cəhətdən hazır deyildilər. Yəni, hər şeyi sırf pandemiyanın üstünə atmaq da düzgün deyil. Çünki şərtlər hamı üçün eyni idi...

- Pandemiyanı cüdoçular üçün demirdim. Uşaqlar mübarizə aparıb, medal qazanıblar. Mən özümü nəzərdə tuturam. Məncə, püşkatmanın təsiri olmadı. Uda bilərdilər. Səbəbi dəqiq deyə bilmərəm.

- Bu barədə idmançılarla söhbət etmisiniz?

- Səbəbi onların özləri də bilmir (gülür).

- Məşqçilər heyətindəki dəyişiklikdən sonra nə gözləyirsiniz?

- Mövlud Mirəliyevin Rio olimpiadasında mənə çox köməyi olub. Orada bir oğlan var idi, yarışın startından öncə qızışmaq üçün onunla işləyə bilmədim. Mövlud müəllim gəldi, onunla işlədim. Bizi olimpiadaya çox yaxşı hazırlaşdırdı. Elçin İsmayılov da çoxdandır gənclərdən ibarət komandada məşqçi işləyir. Nəticələri də çox yaxşıdır. Fikrimcə, hamısı yaxşı mütəxəssislərdir, təcrübələri də var. Düşünürəm ki, yaxşı olacaq.

- Belə xəbərlər yayıldı ki, siz də yenidən milli komandaya qayıda bilərsiniz?

- (Gülür) Bəli, qayıtmaq istəyirəm. Mövlud müəllimlə də danışdıq. Məşqçilər heyəti də buna razıdır. Rəhbərliklə də söhbətimiz olub.

"İdmanla vidalaşdıqdan sonra video çəkməyi davam etdirəcəyəm"

- Deyəsən, federasiya rəhbərliyi məlum məsələyə görə sizə bir az əsəbidir...

- Hə, düzdür (gülür).

- Yumşaq dildə desək, yəqin, rəhbərliyin də könlünü almaq lazım gələcək...

- Əlbəttə. Mətbuatda yazdılar, çox adam mənfi fikir bildirdi ki, bu, nə hərəkətdir, gərək etməzdin. Amma mənim həmin videonu çəkməkdə hər hansı məqsədim olmayıb. Tik-tok, instaqram hamıda var, video çəkib, orada yerləşdirirlər. Mən də belə bir video çəkib qoydum. Hər şey ani baş verdi. Eyvana çıxdıq və videonu çəkdik. İnsanlar mənfi reaksiya verdilər. Buna görə də insanlar, federasiya rəhbərliyi mənə əsəbiləşdi, problem yarandı.

- İndi vəziyyət necədir? Bu hadisədən sonra rəhbərliklə görüşüb hərəkətinizə aydınlıq gətirmisiniz?

- Bəli, danışmışıq. Etdiyim hərəkətin səhv olduğunu demişəm. Videodur, çəkib qoymuşam.

- Buna bir növ üzrxahlıq demək olar?

- Ola bilər (gülür). Dedilər ki, bir də belə video çəkmə. Bundan sonra çəkməyəcəm.

- Bu işi bundan sonra kimə həvalə edəcəksiniz?

- Nəyi? (gülür)

- Video çəkməyi...

- Heç kimə həvalə etməyəcəyəm. Yəqin ki, idmanla vidalaşdıqdan sonra bu işi davam etdirəcəyəm (gülür).

- Xeyli izləyici yığmışdınız. Onlar necə olacaq?

- (Gülür). Bəli, izləyici yığılıb.

- Əslində bunu normal da saymaq olar. Blogger fəaliyyəti hər sahədə var. Bu işlə təkcə jurnalistlər məşğul olmur. Hamının sosial şəbəkə hesabı var. Sizdə bloggerliyə maraq haradan yarandı?

- Uzun müddətdir idmandayam. Pandemiyadan sonra Macarıstanın paytaxtı Budapeştdə ilk yarışa getmişdik. Orada video çəkib sosial şəbəkələrdə yerləşdirdim.

- Nə videosu idi?

- Heç nə, adi video idi.

- Budapeşt mənzərəsi?

- Xeyr, elə-belə otaqda çəkdiyim video idi. Ayaqlarımı çəkib qoydum. Gördüm, baxırlar Düşündüm ki, ayaqlara maraq göstərirlərsə, deməli, hər şeyə baxırlar (gülür). Nə çəkib qoysam, baxacaqlar. Gördüm, izləyici yığmaq çox asan bir işdir.

- Üstəlik, tanınmış idmançısınız...

- Bunun da bloggerlikdə inkişaf etməyimə müsbət təsiri ola bilər.

- Və bundan sonra əllər işləməyə başladı...

- Hə, bundan sonra bir az yaxşı şeylər çəkməyə başladım (gülür).

"Real pul olsaydı, səpməzdim"

- Ələ pul haradan gəlirdi?

- Həmin pulları mağazadan almışdım, saxta idi. İnternetdə də görmüşdüm ki, pulu bu cür səpib, yandırıb video çəkirlər. Real pul olsaydı, səpməzdim.

- O qədər pulunuz var?

- Orada çox pul yox idi. Həmin məbləğ hər bir adamda var. Atılan 300 - 500 ABŞ dolları idi. Çox adamda həmin məbləğ olur. Həm də videodakı pullar saxta idi.

- Neçə dəfə bu cür video çəkmisiniz?

- Ondan əvvəl də çəkmişdim, amma belə səs-küy olmamışdı. Həmin videonu hamı sosial şəbəkələrdə, müxtəlif platformalarda paylaşdı. Ona görə səs-küylü oldu. Əvvəlki videolarıma elə böyük maraq olmamışdı.

- Həmin hərəkət böyük müzakirələrə səbəb oldu. İdmançısınız, bu, öz yerində. Bəlkə də buna əyləncə kimi baxırsınız. Amma digər tərəfdən, "Elmar pulları dağıdır", "O qədər pul qazanır, bilmir, nə etsin" kimi müxtəlif rəylər yazıldı. Bu mənada, videonu çəkəndə bunları düşündünüz?

- Bu, qısa müddətdə çəkilən videodur. Bunu "Pulumuz var, özümüzü belə aparırıq" mesajı kimi fikirləşmirdim. Ümumiyyətlə, orada elə bir məsələ də yoxdur. Sadəcə, baxış sayına görə həmin videonu çəkdim. Kənardan baxanlar isə məhz həmin şeyləri müzakirəyə çıxardılar ki, bunun pulu var, ona görə belə edir. Hətta yazmışdım ki, pullar saxtadır. Amma heç kim onu vecinə almırdı. Hamı deyirdi ki, bu, nə hərəkətdir?

- İdmanın içində olanlar deyirdilər ki, Elmarın hazırkı psixoloji durumu o vəziyyətdə deyil, ona görə bu cür hərəkətlərə yol verir. Doğrudanmı həmin vaxt mənəvi-psixoloji durumunuz lazımı formada deyildi?

- Bunu haradan dediklərini bilmirəm. Psixoloji durumun pis olmasına, gərək, hər hansı səbəb olsun.

- Ümumi əhval-ruhiyyəniz deyək...

- Hə, belə bir şey ola bilər. Bu, hamıda var. Şənlənmək üçün kimsə dostu ilə görüşür, kimsə gedib gəzir, kimsə restoranda oturub musiqiyə qulaq asır. Mən də video çəkmişəm (gülür).

- Stress atırdınız?

- Yox, stresdə deyildim axı. Bunun üçün bir səbəb də yox idi. Nəyə görə stresdə ola bilərdim ki? Ağlıma heç bir şey gəlmir. Sadəcə, dostumla çölə çıxmışdım, gəzirdik, video çəkirdik.

- Siz ilk dəfə Ermənistanda Azərbaycan bayrağını qaldırmağınızla tanınmısınız. Yeganə idmançısınız ki, İrəvanda Azərbaycan himnini səsləndirmisiniz. Bu baxımdan daim diqqət mərkəzində olmusunuz. Hazırda karyeranız davam edir. Həmin hərəkətləri edərkən fərqində olurmusunuz ki, sizi Ermənistanda bayrağımızı qaldırmağınıza görə tanıyırlar, cəmiyyətə örnək insansınız?

- Mən indi gördüm ki, bunu mənfi qarşılayırlar. Bunu kənardan baxanda hiss edirsən. İdmanda olduğum müddətdə insanları qıcıqlandıra biləcək hərəkətlər etməməyə çalışacağam.

"Heç vaxt rəqabətdən qaçmamışam"

- Milli komandaya dönüşünüzü nə vaxt gözləmək olar?

- Rəhbərlikdən asılıdır. Nə vaxt icazə versələr, məşqlərə qatılacağam.

- Hazırda özünüzü necə hiss edirsiniz? Fiziki durumunuz hansı formadadır?

- Olimpiadaya düşmədikdən sonra məşqləri dayandırmışdım. Daha sonra 1 aylıq tətilə getdim. 2 aydır məşq etmirəm. Amma fikrimcə, 3-4 həftəyə əvvəlki formaya qayıtmaq olar.

- Yenidən milli komandaya qayıtmağınızla bağlı nə deyə bilərsiniz?

- Hərəkətlərimə baxmayaraq, məşqçilərin məni yığmada görmək istəməsi xoş oldu. Tək özümə yox, cüdo komandası barədə də mənfi rəy yaranmasına səbəb oldum. Məşqçilərlə danışdım, onlar da məşq edib nəticə verməyimi istəyirlər.

- Yenə 100 kq-da, yoxsa bundan yuxarı çəki dərəcəsində çıxış etmək istəyirsiniz?

- Belə bir fikir səsləndirdilər. Ola bilər. Amma hazırda çəkim elə də çox deyil. Mən heç vaxt rəqabətdən qaçmamışam.

- Tokio olimpiadasında ən yuxarı çəkidə çexiyalı Lukaş Krpalekin çempionluğu sizin üçün sürpriz olmadı?

- Sürpriz o baxımdan oldu ki, fransız Teddi Rineri udan Rusiya təmsilçisi Tamerlan Başayev yarımfinalda gürcüstanlı Quram Tuşişviliyə uduzdu. Onun finala çıxacağını gözləyirdim. Tuşişvili isə finalda Krpalekə məğlub oldu. İdmanda hər nəticə olur. Yəqin, Riner əvvəlki formasında deyildi. Krpalek ötən olimpiadaya da belə gəlmişdi. Əvvəlki yarışlarda zəif güləşirdi. Tokioda isə əla formada idi. Bu mənada, əvvəlki yarışla müqayisədə müəyyən fərqlər oldu.

- Azərbaycana bu növdə yeganə medalı 78 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan qadın cüdoçu İrina Kindzerska qazandırdı. Onda bürünc medal əldə edə biləcək potensialı görürdünüz?

- Kindzerska demək olar ki, hər yarışda yer tuturdu. Olimpiadada medal üçün güləşməli idi. Özünü göstərdi. Amma məncə, daha yaxşı güləşəydi, finala çıxa bilərdi. Amma 3-cü yeri tutdu.

- Sizin çıxışlarınızda bir məqamı da görmüşəm ki, ya nə isə edib, minimum 1/4 finala çıxırdınız, ya da heç nə etmədən ilk görüşdəcə mübarizəni dayandırırdınız. Bakıdakı dünya çempionatında da bunun şahidi olmuşdum. Bu, nədən irəli gəlirdi?

- Bakıdakı dünya çempionatına yaxşı hazırlaşmamışdım. Təqribən 2-3 ay məşq etməmişdim. Ona görə çıxışım zəif alınmışdı. Amma çox vaxt birinci görüşdə uduzmamışam. Pandemiyadan sonra isə demək olar ki, birinci-ikinci qarşılaşmada məğlub olurdum. Bunu da həvəssizliklə əlaqələndirərdim. Bir-iki yarışda uduzduqdan sonra həvəs ölmüşdü.

- Deməli, sizin üzərinizdə psixoloji baxımdan da işləmək lazımdır...

- Pandemiya vaxtı çox əziyyət çəkdik. Otelə gedirdik, çölə buraxmırdılar.

- Bu da pis təsir edirdi...

- Əlbəttə. Sanki türmədəsən, həftələrlə otaqda qalırsan. Elə bil, qəfəsdə idim. Təlim-məşq toplanışında da belə olurdu. Heç yana buraxmırdılar, hər gün koronavirus testi götürürdülər. İstər-istəməz mənfi təsir edirdi.

Son xəbərlər

Orphus sistemi