Yuxarı

​Elman Rüstəmov: "Şəhriyar Məmmədyarovun xarakteri daha çox irəliləməyə imkan verir"

Azərbaycan Şahmat Federasiyasının prezidenti Dünya Kubokunda mübarizəni davam etdirən şahmatçıya dəstək olub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinə start verilib. "Report"un məlumatına görə, Azərbaycanın turnirdə mübarizəni davam etdirən yeganə şahmatçısı Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşır.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov və Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili görüşlərin keçirildiyi "Fairmont" otelinə gəlib. E.Rüstəmov Ş.Məmmədyarovla görüşərək ona uğurlar arzulayıb.

Daha sonra AŞF prezidenti Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında azərbaycanlı qrossmeysterin çıxışı barədə danışıb: "Mütəmadi olaraq Dünya Kubokundakı nəticələrlə bağlı məlumat alıram. Bu gün 1/4 finala gəlməkdə əsas məqsədim Məmmədyarova dəstək olmaq idi. Partiyadan əvvəl onunla görüşərək uğurlar arzuladım. Bildirdim ki, biz ona inanırıq. Çox istərdik ki, uğurlu çıxışını davam etdirsin. Dünya Kubokunda yaxşı nəticə qazanmaq çox çətindir. Yarışda ən güclü şahmatçılar iştirak edir. Hər bir iştirakçı qələbə qazanmaq istəyir. Bu mənada hər bir şahmatçı üçün çətindir".

E.Rüstəmov Ş.Məmmədyarovdan S.Karyakinlə qarşılaşmada daha böyük uğur gözlədiyini də bildirib. Onun fikrincə, Azərbaycan təmsilçisinin xarakteri daha çox irəliləməyə imkan verir: "Şahmatda proqnoz vermək çətindir, amma biz ona inanırıq. Dünya Kubokunda çox yaxşı oyun sərgiləyir. Fabiano Karuana kimi güclü şahmatçıya qalib gəldi. 1/4 finaldakı rəqibi çox güclü olsa belə, Məmmədyarovun potensialı ondan yaxşı nəticə gözləməyə imkan verir".

Federasiya rəhbəri bütün iştirakçıların və qonaqların təşkilatçılıqdan razı qalmasına da münasibət bildirib: "Azərbaycan hər zaman yüksək təşkilatçılıqla seçilib. Ölkəmiz daha böyük yarışlarda da təcrübəsini göstərib. Sözsüz ki, qonaqların və iştirakçıların Dünya Kubokunun təşkilatçılığından razı qalması bizi sevindirir. Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsi bütün işləri yüksək səviyyədə görüb. Gələn il Şahmat Olimpiadasının Bakıda ən yüksək səviyyədə keçiriləcəyinə inanırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi