Elçin Cəfərov: "Vitali Rəhimovun məsələsində haqlı olduğumuzu sübuta yetirmədik"

Elçin Cəfərov: "Vitali Rəhimovun məsələsində haqlı olduğumuzu sübuta yetirmədik" Bakı. 11 fevral. REPORT.AZ/ Vitali Rəhimovdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medalın dopinq-testi 8 ildən sonra müsbət nəticə verdiyi üçün əlindən alınması qərarını çox pis qarşıladım.
Fərdi
11 Fevral , 2019 18:02
Elçin Cəfərov: Vitali Rəhimovun məsələsində haqlı olduğumuzu sübuta yetirmədik

Bakı. 11 fevral. REPORT.AZ/ "Vitali Rəhimovdan 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medalın dopinq-testi 8 ildən sonra müsbət nəticə verdiyi üçün əlindən alınması qərarını çox pis qarşıladım". 

Bunu "Report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti və yunan-Roma güləşi üzrə milli komandanın sabiq baş məşqçisi Elçin Cəfərov deyib.

60 yaşlı mütəxəssisin sözlərinə görə, Ümumdünya Antidopinq Agentliyində (WADA) nə işlə məşğul olduqlarını bilmirlər. O, qərarın ədalətsiz olduğunu vurğulayıb: "Analiz iki qabda olur. Birini yoxlayır, digərini isə saxlayırlar. Yoxlayan kimi də deyirlər ki, bu adamın dopinqi var və ona medal verilməsin. Bu, iki aya, üç aya, bəzən də bir günə bilinir. Sadəcə, prosesi uzadırlar. Bəs 8 ildən sonra bunu necə edirlər? Rəhimov olimpiyadaya lisenziya alıb. Lisenziya alanda da, finala çıxanda da yenə dopinq götürürlər. Oradakı dopinq-test müsbət nəticə verməyib. Elə isə necə olur ki, 8 ildən sonra dopinq çıxır?" 

Vitse-prezident idmançıların bir neçə yolla istəmədən dopinqə yoluxduğunu söyləyib: "Ümumiyyətlə, dopinqi kim görüb? Heç kim. Biri qrip olur, burnuna damcı tökür. O da dopinq kimi çıxır. Bu insan nə etsin? Deyə bilmərik ki, Vitali bilərəkdən özünə dərman yeridib, vitamin vurub. Bunu, ilk növbədə, mən bilərdim, sonra isə komandanın həkimi ... O, finaldan sonra analiz verib və həmin vaxt heç nə tapılmayıb". 

Yığmanın sabiq baş məşqçisi öz haqlarını tələb etməmələrinə də aydınlıq gətirib: "Rusiyanın 30-a yaxın idmançısının WADA ilə məhkəmə prosesi oldu. Onların hamısı bəraət aldı. Ancaq idmançıların yenə də medalları əllərindən alındı. İdmançılar haqlı çıxsalar da, onlara dedilər ki, WADA-nın reytinqini aşağı sala bilmərik, verdiyimiz qərarı qüvvədə saxlayırıq. Bu da məhkəməlik işdir. Beynəlxalq İdman Arbitraj Məhkəməsinə çıxmalı, haqlı olduğunu sübut etməlisən. Bunlar çox böyük proseslərdir və ona görə belə oldu. Ancaq elələri var ki, öz medallarını müdafiə edir, mübarizə aparır və sübut edirlər. Biz haqlı olduğumuzu sübuta yetirmədik. Dediklərimin heç biri olmadı. Ona görə də necə var idi, elə də qaldı. Amma bir çox idmançıların medallarını alıblar, sonra qaytarıblar. Deyirlər ki, səhv olub. Hərəsinə bir don geyindirirlər. Düzgün laboratoriyaları varsa, əvvəlcədən siyahını versinlər ki, onlardan da heç kim istifadə eləməsin. Hərə bir cür dopinqə düşür. Biri xəstəlikdən, digəri əməliyyata gedir. Onlar da hamısı qeyd olunur və quruma verilir. Nə sərf edirsə, onları sayırlar, sərf etməyəni isə yox. Dünya, Avropa çempionatı və Olimpiya Oyunlarına gedən idmançı heç vaxt özünə dopinq qəbul etməz. Çünki o, olimpiadaya vəsiqə qazananadək nə qədər analiz verə-verə testlərdən keçib. Onu bilərəkdən heç kim etməz". 

Federasiya rəsmisi V.Rəhimovdan alınan medalı qazaxıstanlı güləşçi Nurbaxıt Tenizbayevin qəbul etmək istəmədiyini də vurğulayıb: "Qazaxıstanlı güləşçi dedi ki, o medalı götürmür və götürmək də istəmir. Çünki Vitali Rəhimov onu gərgin mübarizə şəraitində məğlub edib. 8 ildən sonra o medal onun nəyinə lazımdır. Həmin medal Qazaxıstan Güləş Federasiyasına göndərildi". 

E.Cəfərov bu məsələ barədə V.Rəhimovla da danışdığını sözlərinə əlavə edib: "Mən Vitali Rəhimova dedim ki, medalı qaytarmalısansa, qaytar. O da dedi ki, medala canımı və həyatımı qoymuşam. Mən onu başa düşürəm. Bu, elə belə şey deyil. Həmin medalı yoldan keçən adama vermirlər. Finala çıxmağın özü böyük bir uğur və nəticədir".

Qeyd edək ki, Vitali Rəhimov Pekin olimpiadasında 60 kq çəki dərəcəsində çıxış edib. 

Son xəbərlər

Orphus sistemi