Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün Ədalətli İdman Gününə (Play True Day) həsr olunmuş tədbir keçirilib.
"Report" xəbər verir ki, mərasim Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın Yeni Bulvar ərazisindəki Cavan İdman Arenasında təşkil olunub. Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, AMADA-nın rəhbəri Şəfəq Hüsyenli, AFFA-nın baş katibi Elxan Məmmədov, olimpiya mükafatçıları, federasiya və idman ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə əvvəlcə məlumat xarakterli videoçarx nümayiş olunub. Ədalətli Oyunlar Gününün 2013-ci ildə təsis edildiyi, Azərbaycanda ilk dəfə keçirildiyi qeyd olunub.
Ş.Hüseynli çıxışı zamanı bildirib ki, AMADA yarandığı gündən digər milli idman federasiyalarından dəstək görüb. O, dopinqlə birgə mübarizənin vacibliyini vurğulayıb.
X.İsayev isə dopinqdən istifadənin qəbulolunmazlığını vurğulayıb: "Biz idmançı olduğumuz vaxtlarda ədalətsizliklərlə üzləşmişik və bunun nə demək olduğunu bilirik. Bu gün dopinqlə hansısa nəticə qazanmaq olar. Amma həmin idmançı öz gələcəyinə zərər vermiş olacaq. Sevindirici haldır ki, Azərbaycanda AMADA kimi qurum fəaliyyət göstərir".
Daha sonra müxtəlif idman növləri üzrə ədalət prinsiplərinin pozulduğu səhnəciklər nümayiş olunub.
Olimpiya çempionları Fərid Mansurov və Namiq Abdullayev, eləcə də Elxan Məmmədov Azərbaycan idmançılarına ədaləti oyun və ədalətli nəticənin lazım olduğunu vurğulayıblar.
Tədbirin sonunda "Dopinqə yox deyirik" şüarları səsləndirilib və xatirə şəkilləri çəkilib.







