Dünya turuna çıxan velosipedçi: "Azərbaycana gəlməyi çox istəyirdik"

Dünya turuna çıxan velosipedçi: "Azərbaycana gəlməyi çox istəyirdik" "Fransadan çıxanda çox pis hava var idi. Sel bəzi yerləri yuyub aparırdı, amma bizim ideyamız insanlarla görüşməkdir. Xüsusi qayğıya ehtiyacı olanlar üçün yola çıxmışıq. Bu səbəbdən maneələr bizə maneəçilik törətmir".
Fərdi
16 May , 2022 14:56
Dünya turuna çıxan velosipedçi: Azərbaycana gəlməyi çox istəyirdik

"Fransadan çıxanda çox pis hava var idi. Sel bəzi yerləri yuyub aparırdı, amma bizim ideyamız insanlarla görüşməkdir. Xüsusi qayğıya ehtiyacı olanlar üçün yola çıxmışıq. Bu səbəbdən, maneələr bizə maneəçilik törətmir".

"Report"un məlumatına görə, bunu Fransadan həyat yoldaşı Emili Sançislə birlikdə velosipedlə dünya turuna çıxan Devi Sançis Bakıda təşkil olunan mətbuat konfransında deyib.

O bildirib ki, yalnız Ukraynanın Odessa şəhərində ikən 7 km məsafəni gəmi ilə keçiblər: "Velosipedlə qət etdiyimiz yolu sübut etmək üçün dəlillərimiz var. Bunun üçün xüsusi aparat mövcuddur, velosipedlə neçə km getdiyimiz qeyd olunub. Biz bu layihədən əvvəl xəritəyə baxırdıq, Azərbaycana gəlməyi çox istəyirdik. Bura turist kimi gəlməmişik".

Velosipedçi qarşılarına qoyduqları məqsədləri həyata keçirdiklərini söyləyib: "Sizin yerli mətbəxinizlə, insanlarınızla və tarixinizlə tanış olmuşuq. Dünən Bakıda keçirilmiş marafonda müxtəlif yerlərdən, ayrı-ayrı sahələrdən gələn uşaqları gördük. Bu da inkişafın göstəricisidir. Marafona qatılmaq mənim üçün böyük şərəf idi. Bu gün bizi muğam konsertinə də dəvət ediblər. Sonra isə uşaqlar evində kimsəsiz uşaqlarla vaxt keçirəcəyik. Azərbaycanı gənc və dinamik ölkə kimi gördük. Fransada bu qədər dinamiklik və gənclik yoxdur. Bütün qurumların aktiv olması bizi sevindirdi. 3 həftədir ki, Azərbaycandayıq. Buranı sevinclə tərk edəcəyik".

Devi Sançis Fransanın bəzi ölkələrlə siyasi əlaqələrinin zəif olmasının onlara maneçilik törətmədiyini vurğulayıb: "Türkiyədə hiss etdik ki, Fransa ilə əlaqələri yaxşı deyil. Məqsədimiz siyasətdən uzaq olmaqdır. Ölkələr haqqında məlumatları yalnız internet vasitəsilə əldə edirik. Göstərmək istəyirik ki, hansısa ölkələrin siyasi əlaqələrinin yaxşı olmaması bizə mane olmur. Azərbaycanda digər ölkələrlə müqayisədə xüsusi qayğıya ehtiyacı olanlara köməklik göstərilir. Biz xüsusi qayğıya ehtiyacı olan və peşəkar olmayan uşaqları idmana cəlb etmək niyyətindəyik. Gürcüstanda bizə spirtli içki təklif edirdilər. Amma Azərbaycan bu cəhətdən yaxşıdır. İçməkdə sərbəstsən (gülür)".

Emili Sançis Azərbaycan gəlmək üçün 11 000 km qət etdiklərini diqqətə çatdırıb: "11 ay əvvəl yola çıxmışıq. Azərbaycan çatdığımız 11-ci ölkədir. Yerli hökümət quru sərhədini keçməyə icazə verdi. Bunun üçün onlara təşəkkür edirik. Azərbaycandan gələndən sonra çoxlu işlər görmüş, bir sıra tədbirlərdə iştirak etmişik. Çox yerləri gəzdik və gördük. Bizə bu imkanı verdiyi üçün Gənclər və İdman Nazirliyinə və Xüsusi Olimpiya Komitəsinə minnətdarıq. Azərbaycan Velosiped Federasiyasının təşkil etdiyi marafona da qatıldıq, orada para-velo iştirakçıları da var idi və birlikdə yaxşı vaxt keçirdik".

E.Sançis dünənki qaçış marafonunda paralimpiyaçıların ön sırada olmasını fiziki qüsurlu insanlara diqqətin göstəricisi və alqışalayiq hal adlandırıb. Onun fikrincə, Azərbaycan idman sahəsində çox böyük işlər görür: "Biz bunu hər ölkədə görməmişik. Qayğıya ehtiyacı olan uşaqlara da diqqət ayrılır. Bunun üçün sizə təşəkkür edirəm. Velosipedlə səyahət etmək maraqlıdır, biz daha çox insanla rastlaşırıq. Bizə Bakıda kömək edən bütün təşkilatçılara təşəkkür edirəm. Azərbaycanda müxtəlif yeməklərdən dadmışıq. Piti, qutab və kabab əla idi. Kabab sizin ölkənizdə fərqli daddadır. Ən yaxşı qutab isə Bakıda deyil. Şəkidən çıxanda yaşlı qadından aldığımız qutab tam başqa idi".

Səyyah sabah Bakıdan gəmi ilə Qazaxıstana, daha sonra velosipedlə Asiya ölkələrinə keçməyi planlaşdırdıqlarını əlavə edib: "Orada daha çox qaralacağıq (gülür)".

Qeyd edək ki, 2021-ci il iyunun 13-də Fransadan velosipedlə yola çıxan cütlük bu il aprelin 29-da Gürcüstandan Azərbaycana keçib və mayın 7-də Bakıya çatıb. Cütlüyün əsas məqsədi daun xəstəliyi olan uşaqlara dəstək nümayiş etdirməkdir. Dünya turunu gələn ilin yanvarında Yeni Kaledoniyada başa çatacaq.

Son xəbərlər

Orphus sistemi