Dünya çempionatı: Azərbaycan güləşçiləri niyə zəif çıxış etdilər? - TƏHLİL

Dünya çempionatı: Azərbaycan güləşçiləri niyə zəif çıxış etdilər? - TƏHLİL Qazaxıstanın paytaxtı Nur-Sultandakı güləş üzrə dünya çempionatı yenicə yekunlaşmışdı. Artıq son mükafatlandırma mərasimi də başa çatmış, hətta könüllülərədək hamı səhnəyə çıxıb xatirə şəkli çəkdirdikdən sonra dağılışmışdı. Zala ölü sükut çökmüşdü.
Fərdi
27 Sentyabr , 2019 14:11
Dünya çempionatı: Azərbaycan güləşçiləri niyə zəif çıxış etdilər? - TƏHLİL

Qazaxıstanın paytaxtı Nur-Sultandakı güləş üzrə dünya çempionatı yenicə yekunlaşmışdı. Artıq son mükafatlandırma mərasimi də başa çatmış, hətta könüllülərədək hamı səhnəyə çıxıb xatirə şəkli çəkdirdikdən sonra dağılışmışdı. Zala ölü sükut çökmüşdü.

Bu zaman biz də işimizi yekunlaşdırıb media tribunasından aşağı düşdük. Xalça üzərində xatirə fotosu çəkdirdiyimiz vaxt gözüm iki əşyaya sataşdı. Biri məşqçinin əlaltı vasitəsi - hakimin qərarına etiraz üçün "çelenc" qurğusu, digəri isə hakimlər üçün xal lövhəsi idi.

Dərhal Hacı Əliyevin rusiyalı Hacımurad Rəşidovla məlum görüşünü xatırladım. Azərbaycanlı sərbəst güləşçi məhz bu əşyalar vasitəsilə uduzdurulmuşdu. Biri ilə Rusiya yığmasının baş məşqçisi Campolat Tedeyev "çelenc" etmiş, digəri ilə isə hakim Əliyevin 2 xalını sildirərək, Rəşidova 1 xal verdirmişdi.

Hər iki əşyanı "maddi sübut" kimi özümlə götürdüm...

Burası "Barıs Arena" - düz 9 gün ərzində dünya çempionatının keçirildiyi məkan. Çoxfunksiyalı buz sarayı 2015-ci ildə istifadəyə verilib. Yerli "Barıs" hokkey klubunun ev oyunlarını keçirdiyi arenadır. Bu klub Rusiya, Belarus, Çin, Latviya və Finlandiya ilə yanaşı, Qazaxıstan təmsilçilərini də özündə birləşdiən Qitə Hokkey Liqasında (KXL) mübarizə aparır. Onlar hər il baş mükafat - Qaqarin Kuboku uğrunda yarışırlar.

Hokkeyçilərin buz üstə necə güləşib-dalaşdıqlarına dəfələrlə şahidlik etmişdik. İndi isə güləşçilərin özləri buz yox, xalça üzərində savaşdılar.

İlk dəfə idi xarici ölkəyə güləş yarışını işıqlandırmağa yollanmışdım. Səfər Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gerçəkləşmişdi. 

Arenada təşkilati baxımdan işlər lazımınca görülmüşdü. İdman qurğusunun müasirliyi ilk baxışdan diqqət çəkirdi. Şəhərin mərkəzindəki Turan prospektində yerləşən "Barıs Arena"da jurnalistlərin işləmələri üçün də normal şərait yaradılmışdı. Gün ərzində pulsuz səhər yeməyi və qəlyanaltı, həm media tribunasında, həm də çöldə rahat çalışmaq üçün sürətli internet ixtiyarımıza verilmişdi.

12 minədək tamaşaçı tutumuna malik arena görüşlər vaxtı yarıyadək dolurdu. Bu say Qazaxıstan güləşçiləri final mərhələsinə yüksəldikləri təqdirdə, daha da çoxalırdı. Yarışın əhəmiyyətini artıran daha bir məqam 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması idi. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə mübarizə ümumilikdə 30 medal uğrunda getsə də, olimpiadaya vəsiqələr hər növ üzrə 6 çəki dərəcəsində ilk "6-lığ"a düşənlərə verilirdi.

Yerli pəhləvanlar qızıl medal qazanmasalar da, 3 gümüş, 4 bürünc medal və 8 lisenziyaya sahib oldular. Azərbaycan güləşçiləri isə dünya çempionatında 1 qızıl, 3 gümüş, 2 bürünc medal və cəmi 2 lisenziya ilə kifayətləndilər. Başqa sözlə, hər bir növ üzrə 2 medal qazanıldı. Qadın güləşçilərdən Mariya Stadnik (50 kq) qızıl, Elis Manolova (65 kq) bürünc, sərbəst güləşçilərdən Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (97 kq) gümüş, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medala yiyələndi. Lisenziyaları isə Stadnik və Şərifov əldə etdi.

Hələ dünya çempionatından öncə verilən ümidverici proqnozlar, iddialı açıqlamalar özünü doğrultmadı. Xüsusən, lisenziya sayının azlığı narahatlıq doğurmaya bilməz. Bu nəticələr bizi Azərbaycanda güləşin yüksəliş dövrünə qədəm qoyduğu 2007-ci il dünya çempionatına apardı. Lakin həmin vaxt 1 qızıl, 1 bürünc medal qazanılsa da, lisenziya sayı 5 olmuşdu. 2011-ci ildə Türkiyənin İstanbul şəhərində təşkil edilmiş mundialda bu rəqəm 7, 2015-ci ildə ABŞ-ın Las Veqas şəhərindəki çempionatda isə 11 olmuşdu.

Zəif nəticəni obyektiv və subyektiv səbəblərlə əlaqələndirmək olar. Subyektiv amillərin rolunu hələ mundialdan öncə Dünya Güləş Birliyinin (UWW) Büro iclası zamanı gördük. Büro üzvləri "Tokio 2020"yə lisenziya xarakterli Avropa Təsnifat Turnirinin Bakıda yox, Macarıstanın paytaxtı Budapeştdə keçirilməsinə səs verdilər.

Niyə məhz Budapeştə? Axı, Macarıstan paytaxtı 2013 - 2018-ci illərdə, 1-i qeyri-olimpiya çəkiləri üzrə olmaqla, 3 dünya çempionatına ev sahibliyi edib. 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra Rafael Martinettinin FILA (o vaxtlar ali güləş təşkilatı belə adlanırdı) prezidenti vəzifəsindən kənarlaşdırılması yeni rəhbərliyin dürüst fəaliyyət göstərəcəyinə ümidlər yaratmışdı. Amma görünür, serbiyalı Nenad Laloviçin rəhbərlik etdiyi qurum da "bağda ərik var idi" və ya "bağda ərik var" prinsipi ilə çalışır.

UWW Bürosunun üzün illərdir üzvlərindən biri hazırda Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyevdir. N.Əliyev qurumda müəyyən nüfuza malik olsa da, artıq ali güləş təşkilatına "ATA Holding" sponsorluq, Bakı şəhəri isə Qızıl Qran-pri kimi böyük xərc tələb edən turnirlərə ev sahibliyi etmir. Bu da istər-istəməz Azərbaycana olan münasibətin dəyişməsinə gətirib çıxarıb.

Bax, bu amil daha sonra özünü püşkatmanın nəticələrində, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (67 kq) Beka Kandelakinin (130 kq), sərbəst güləşçi Hacı Əliyevin (65 kq) verilməyən xallarında büruzə verdi.

Əvəzində Rusiya və Qazaxıstan güləşçilərinin yüksək yerlər tutmaları üçün UWW əlindən gələn dəstəyi əsirgəmədi. Əlbəttə, şimal qonşularımız güləşdə isti münasibət görmədən də böyük nailiyyətlər əldə etməyə qadirdirlər. Amma mübahisəli anlarda onların da dadına hakimlər çatırdılar.

Qazaxıstan güləşçiləri isə hətta püşk və hakim köməyi ilə də qızıl medal qazana bilmədilər. Baxmayaraq ki, onların maneəsiz irəliləmələri üçün münbit şərait yaradılmışdı. Püşk zamanı qazaxıstanlı güləşçilər hər çəkidə qruplardan birinə başçılıq edir, güclü güləşçilər isə digər qruplarda bir-birilərinə rəqib olaraq ələnirdilər. Nəticədə yerli pəhləvanlar zəifləri uda-uda ən azı yarımfinala yüksəlirdilər.

Qazaxıstan dünya çempionatına ev sahibliyini Türkiyə ilə mübarizədə udmuşdu. Bəlkə də 2011-ci il olimpiya lisenziyalı dünya çempionatının İstanbulda keçirildiyini nəzərə alaraq, bu dəfə Nur-Sultanı qalib elan etmişdilər. İlk baxışdan, bu, belə görünə bilərdi. Amma türkiyəli həmkarlarımızdan biri ilə söhbət zamanı məsələnin pərdəarxası məqamı üzə çıxdı. Məlum oldu ki, dünya çempionatının təşkilatçılıq hüququna yiyələnməsi üçün Türkiyə Güləş Federasiyasından 1 milyon dollar "şirinlik" istənilib. Türkiyə tərəfi isə bu qədər məbləği sənəd-sübutsuz verə bilməyəcəyini söyləyib. Əvəzində Qazaxıstandan "hə" cavabı alınıb. Nəticədə güləş üzrə dünya çempionatının ilk dəfə Nur-Sultanda keçirilməsinə qərar verilib.

Əlbəttə, bunlar təsdiqlənməmiş iddialardır. Amma fakt budur ki, dünya çempionatı bəlli ölkələrin güləşçilərinin medal və lisenziyalar qazanmaları üçün poliqon rolunu oynadı.

İndi isə gələk zəif nəticələrin obyektiv səbəblərinə. Dünya çempionatında Azərbaycan adına yeganə qızıl medalı qadın güləşçi Mariya Stadnik qazandı. Bu növdə həm də bir bürünc medal əldə olundu. Üstəlik, heyətdə 10 yox, 8 qadın güləşçi yer almışdı. Daha 2 çəki dərəcəsində isə təmsilçimiz yox idi.

Qadın güləşçilər təlim-məşq toplanışlarını demək olar ki, xaricdə keçirlər. Bu da əksər üzvlərin əcnəbi olmalarından irəli gəlir. Komandaya təcrübəli mütəxəssis Aslan Ağayev rəhbərlik edir. Qadın güləşçilər hələ dünya çempionatına bir müddət qalmış son toplanışlarını keçmək üçün Qazaxıstana üz tutmuşdular. Belə qənaətə gəlmək olar ki, çəkilən əziyyət hədər getmədi və yaradılan şərait nəticəsində Azərbaycan yığması ümumi komanda hesabında 8-ci yeri tutaraq, Dünya Kubokuna vəsiqə qazandı.

Sərbəst və yunan-Roma güləşçiləri isə dünya çempionatına elə ölkə daxilində hazırlaşmağa üstünlük verdilər. Düzdür, müxtəlif məkanlarda toplanış üçün normal şərait yaradılmışdı. Amma sınaqçı rəqiblərin azlığı və əksəriyyətinin elə bir-birini yaxından tanıyan güləşçilərdən ibarət olması taktiki hazırlığa təsirsiz ötüşmədi. Rəqabətsizlik mühitində arxayınlaşan pəhləvanlar "Minsk 2019" II Avropa Oyunlarındakı nəticələrinin eyforiyası altında imkanlarından aşağı səviyyədə çıxış etdilər.

Hələ Avropa Oyunlarından sonra yığma komandalarda yüksək səviyyəli məşqçi-mütəxəssis çatışmazlığının olduğunu vurğulamışdıq. Göründüyü kimi, problem hələ də davam edir. Yunan-Roma güləşi üzrə yığmanın türkiyəli baş məşqçisi Şaban Donat artıq tükənməkdədir, nəticələr get-gedə aşağı düşür.

Sərbəst güləş millisində isə anlaşılmaz proseslər gedir. İndi hətta dağıstanlılar arasında belə qruplaşma yaranıb. Dünya çempionatı ərəfəsində Saypulla Absaidovun baş məşqçi postunu qəfil tərk etməsi müəyyən mətləblərdən xəbər verir. Düzdür, federasiya prezidenti əvəzi Namiq Əliyev "Report"a açıqlamasında bunu güləşçilərin öz şəxsi məşqçilərinin rəhbərliyi altında hazırlaşmağı üstün tutmaları ilə izah edib. Amma bu açıqlamanın özü komanda daxilində münaqişənin baş verdiyini dolayısı ilə təsdiqləyir.

Görünür, kollektivdaxili nizam-intizamı qaydasına salmağa qadir baş məşqçiyə ehtiyac var. Absaidovun xarakteri isə buna imkan vermir. Hacı Əliyevə hər nə qədər haqsızlıq edilsə də, onun hakimlərə qarşı davranışı yolverilməz idi. Azərbaycan Güləş Federasiyası rəhbərliyinin müdaxiləsindən sonra ona göstərilmiş qırmızı vərəqə ləğv olunmasaydı, 3 qat dünya çempionu bəlkə də Tokio olimpiadasından kənarda qalma təhlükəsi ilə üzləşəcəkdi.

Güləşçilərin hazırlanmasındakı boşluqlar özünü final görüşlərində də göstərdi. 4 finaldan 3-də baş vermiş məğlubiyyətləri təkcə Rafiq Hüseynov, Cəbrayıl Həsənov və ya Şərif Şərifovun zəif çıxışına yox, həm də onların məşqçilərin ayağına yazmaq olar. Həlledici qarşılaşmalarda lazımi fəndləri tətbiq etməkdə gecikmə, "ikinci nömrə" kimi güləşmə halları onların qızıl medal qazana bilməmələri ilə nəticələndi. Məsələn, Həsənov ABŞ təmsilçisi Kayl Deyklə görüşü zamanı nə şəxsi məşqçisi Aslan Ağayevin, nə yığmanın məşqçisi Arif Abdullayevin, nə də tribunadan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "hücum et" göstərişini yerinə yetirdi.

Məşqçilərin tapşırığına əməl etmədiyini yunan-Roma güləşçisi Eldəniz Əzizli də etiraf etdi.

Bütün bunlar komandalarımıza səviyyəli baş məşqçilərin rəhbərlik etmələrinin vacibliyini göstərir.

Zəif nəticələrə rəğmən, azarkeşlər və Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndələri sonadək komandanın yanında oldular. Onların arasında Bakıdan Nur-Sultana ailə üzvləri ilə birgə gedən Bəxtiyar Əliyev də var idi, Belarusdan gələn Aslan Ağayevin qardaşı da, yerli diaspora nümayəndələri də. Hətta səfirlik dünya çempionatı başa çatdıqdan sonra Azərbaycan yığmasının üzvlərini nahar yeməyinə də dəvət etdi. 

Necə deyərlər: Hamı milli komanda üçün çalışdı. Bəs yığmanın özü?

Son xəbərlər

Orphus sistemi