Dünya Karate Federasiyası 50 illik yubileyini qeyd edir

Dünya Karate Federasiyası 50 illik yubileyini qeyd edir Dünya Karate Federasiyasının yaranmasının 50 ili tamam olub.
Fərdi
12 Oktyabr , 2020 01:59
Dünya Karate Federasiyası 50 illik yubileyini qeyd edir

Dünya Karate Federasiyasının (WKF) yaranmasının 50 ili tamam olub.

Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun “Report”a verdiyi məlumata görə, beynəlxalq təşkilat yaranmasının 50 illik yubileyi münasibətilə xatirə loqotipini təqdim edib. 

Antonio Espinos
Antonio Espinos

Dünya Karate Federasiyası 1970-ci ilin oktyabrında Yaponiyanın paytaxtı Tokioda Dünya çempionatı öncəsi Baş Assambleyanın ilk yığıncağında yaradılıb. Ötən dövr ərzində inkişaf edən idarəedici orqan hazırda 100 milyondan artıq auditoriyanı birləşdirməklə müasir beynəlxalq təşkilatlardan birinə çevrilib. İki yüz ölkənin karateçilərini birləşdirən WKF qarşıdakı olimpiaya oyunlarında debüt etməyə hazırlaşır. 

Yubiley münasibətilə dünya karate ictimaiyyətini təbrik edən federasiyanın prezidenti Antonio Espinos pandemiya dövrü olduğundan bu bayramı təntənəli qeyd etməyin mümkünsüz olmasından təəssüflənib. O həmçinin deyib: "Bu il biz Tokioda ilk dünya çempionatının keçirildiyi və olimpiya oyunlarının karate yarışlarının nəzərdə tutulduğu Nippon Budokan arenasında sözügedən tarixi hadisənin sevincini qeyd etmək istəyirdik. Olimpiadanın 2021-ci ilə keçirilməsi və pandemiyanın fəsadları bizim yubiley planlarımıza mane oldu. Karatenin inkişafına əmək sərf edən və uğurlarına çalışan hər kəsə, o cümlədən hazırda bizlə bir yerdə olmayan və bu yola davam edənlərə minnətdarlığımı çatdırıram", - deyə Antonio Espinos təbrik nitqində dünya karate ictimaiyyətinə mesaj göndərib.

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi bu münasibətlə ölkənin karate ictimaiyyətini təbrik edib, idmançılarımıza qarşıdakı yarışlarda zəfərlər arzulayıb.

Son xəbərlər

Orphus sistemi