"Dinamo" İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyi qeyd olunub

"Dinamo" İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyi qeyd olunub Tədbir "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzində keçirilib
Fərdi
13 May , 2016 20:31
Dinamo İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyi qeyd olunub

Bakı. 13 may. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin (DİN) “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının növbəti iclası və nazirliyin İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Koordinasiya Şurasının sədri, general-mayor Vladimir Timoşin iclası giriş sözü ilə açaraq respublikamızın möhtəşəm idman yarışlarına ev sahibliyi etdiyini, ölkəmizdə mükəmməl idman infrastrukturunun yaradıldığını, bunun nəticəsində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmələrindən məmnunluğunu bildirib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbir iştirakçılarını Azərbaycan Prezidenti İlham Əliyevin adından salamlayıb və ən xoş arzularını çatdırıb. Nazir Bakıda keçirilən toplantının idman sahəsində gələcək əməkdaşlığımızın inkişafına yeni imkanlar açması baxımından böyük önəm kəsb etdiyini, ümumilikdə idmanın multikultural proses olaraq dostluq, həmrəylik, etika, ədalət, qarşılıqlı hörmət kimi bəşəri dəyərlər ilə səsləşdiyini, onları təbliğ etmək fürsəti verən nadir imkan olduğunu vurğulayıb. İdman yarışlarının ev sahibi ölkəyə öz tarixini, ənənələrini, ədəbiyyatını, musiqisini nümayiş etdirmək imkanı yaradan və ən başlıcası, qlobal sülhə çağırış mahiyyəti daşıyan tədbir olduğu qeyd edilib.

Sonra qonaqlara ölkəmizin zəngin tarixi, mədəniyyəti, keçdiyi çox mürəkkəb, lakin şərəfli yol, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyin qorunması, iqtisadi inkişafın və cəmiyyətin sosial müdafiəsinin təmin edilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi hərtərəfli quruculuq işləri və islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin nümunəvi təmini, kriminogen durumun nəzarətə götürülməsi barədə ətraflı məlumat verilib.

Xüsusi qeyd olunub ki, Ulu Öndərin və dövlətimizin başçımızın həyata keçirdikləri strategiyanın məntiqi nəticəsi olaraq, bu gün ölkəmiz beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə töhfələr verən nüfuzlu dövlət kimi tanınır. Çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və daha geniş arealda multikulturalizm mərkəzi statusunu ildən-ilə gücləndirən respublikamız, paytaxt Bakı şəhəri son illər dünyanı bürüyən problemlərdən çıxış yolunu arayan, qlobal məsələlərin müzakirə edildiyi zirvə görüşlərinin, konfransların, humanitar forumların keçirildiyi məkana çevrilib.

Daxili işlər naziri deyib ki, ötən il ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan idman tarixində yeni maraqlı səhifə açıb. Bu il Bakıda “Formula-1” Avropa Qran-pri yarışları, Dünya Şahmat Olimpiadası, habelə 2017-ci ildə IV İslam Həmrəylik Oyunları keçiriləcək. Bu da multikulturalizm dəyərlərinin bütün sahələrdə özünü büruzə verdiyini bir daha təsdiq edir.

Bildirilib ki, ölkəmizdə həyata keçirilən quruculuq işləri çərçivəsində gənclərlə iş və idman sahəsinə də xüsusi diqqət yetirilir. Kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. 1997-ci ildən başlayaraq müxtəlif bölgələrdə bir-birinin ardınca çoxsaylı idman obyektləri, o cümlədən olimpiya kompleksləri inşa edilib, bir çox müvafiq infrastruktur yenidən qurulub. İndi Azərbaycanda güclü idman potensialı formalaşıb. Böyüməkdə olan nəsil adlı-sanlı idmançılardan nümunə götürür və onların şərəfli yolunu davam etdirməyə çalışır.

Nazir qeyd edib ki, yarandığı 1926-cı il martın 9-da idmanımızın bayraqdarına çevrilən “Dinamo” İdman Cəmiyyəti 2001-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti adlanır və idmanın inkişafına böyük töhfələr verir, şəxsi heyətin fiziki hazırlığında müstəsna rol oynayır. Əməkdaşların peşəkar hazırlığının yüksəldilməsi, fiziki və psixoloji gərginliklə bağlı olan əmək funksiyalarının icrasında dözümlüyünün artırılması məqsədilə bədən tərbiyəsinin və idmanın inkişafı üzrə aparılan işlər bütövlükdə cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin qorunmasının peşəkarlıqla həyata keçirilməsinə öz müsbət təsirini göstərir.

Daha sonra tədbir iştirakçılarına ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, torpaqlarımızın 20 faizinin işğal edilməsi, xalqımızın məruz qaldığı soyqırımı, etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə məlumat verilib. Təəssüflə qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi təcavüzkar dövlət tərəfindən hələ də icra edilmir.

Çıxışının sonunda daxili işlər naziri Ramil Usubov Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının Bakıda keçirilən iclasının işinə uğurlar arzulayıb.

Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı sayəsində bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini deyib. O, Olimpiya və ötən il Bakıda keçirilmiş birinci Avropa Oyunlarında idmançılarımızın qazandıqları parlaq qələbələrdə DİN-in İdman Cəmiyyəti yetirmələrinin əhəmiyyətli payı olduğunu qeyd edib. A.Rəhimov Daxili İşlər Nazirliyi rəhbərliyinin daimi diqqəti nəticəsində həmin qurumun nümayəndələrinin beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiklərini məmnunluqla vurğulayıb.

Sonda Azərbaycanda “Dinamo” hərəkatının 90 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

İki gün davam edəcək tədbirdə Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Rumıniya, Tacikistan, Ukrayna dövlətlərinin müvafiq qurumlarının rəhbərləri, eyni zamanda, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, Milli Olimpiya Komitəsinin təmsilçiləri, idman veteranları iştirak edirlər.

Son xəbərlər

Orphus sistemi