Dənizkənarı Bulvarda “Beynəlxalq Olimpiya Günü” keçirilib

Dənizkənarı Bulvarda “Beynəlxalq Olimpiya Günü” keçirilib Tədbirin əsas məqsədi gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarət olub
Fərdi
30 İyun , 2017 19:30
Dənizkənarı Bulvarda “Beynəlxalq Olimpiya Günü” keçirilib

Bakı. 30 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), “Bir” tələbə könüllü proqramı və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin dəstəyi ilə Dənizkənarı Bulvarda “Olimpiya Qaçış Günü” keçirilib.

MOK-dan “Report”a verilən məlumata görə, müasir Olimpiya hərəkatının yaranması və Beynəlxalq Olimpiya Komitəsinin təsis olunması münasibətilə Olimpiya bayramında qaçış yarışları təşkil edilib.

Tədbirin əsas məqsədi Olimpiya hərəkatı və sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri və böyükləri Olimpiya hərəkatının fəal üzvlərinə çevirməkdən ibarətdir.

MOK-un vitse prezidenti Çingiz Hüseynzadə çıxış zamanı bildirib ki, hər il Olimpiya Günü dünyaya idman sevincini bölüşmək, idman növləri ilə məşğul olmaq və olimpiya dəyərləri ətrafında birləşməyə imkan verir: “Milli Olimpiya Komitəsi 1996-cı ildən Beynəlxalq Olimpiya Gününü hər il qeyd edir və bu gün aramızda olan fəal gənclərin idmana olan marağı bizləri sevindirir. Tədbirdə iştirak edən hər bir kəsə təşəkkürümü bildirir, uğurlar arzu edirəm”.

"Olimpiya Qaçış Günü"nün fəxri qonağı olan olimpiya çempionları Rəfiqə Şabanova, İradə Aşumova, Zemfira Mehtəhətdinova, Fərid Mansurov, Namiq Abdullayev fiziki aktivliyin gündəlik həyatda vacib rolunu qeyd ediblər.

Beynəlxalq Olimpiya Günündə 500-ə yaxın şəxs yarışa qatılıb. İştirakçılar arasında gənclər və veteran idmançılar yer alıblar. Yarışlarda ilk üç yeri tutan iştirakçılar xüsusi mükafatlar və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) diplomları ilə təltif olunublar. 

İştirakçılara BOK-un sertifikatları verilib.

Son xəbərlər

Orphus sistemi