Cüdoçularımız Vladivostoka yollanır

Cüdoçularımız Vladivostoka yollanır "Olimpiadaya gedəcək tam heyət demək olar ki, bəllidir. Zədə olmasa, dəyişiklik baş verməyəcək".
Fərdi
18 İyun , 2021 14:47
Cüdoçularımız Vladivostoka yollanır

"Olimpiadaya gedəcək tam heyət demək olar ki, bəllidir. Zədə olmasa, dəyişiklik baş verməyəcək".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov deyib.

O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycanı 60 kq çəki dərəcəsində Kəramət Hüseynov təmsil edəcək: "Bilirsiniz ki, Kəramət dünya ikincisi oldu. Olimpiadaya onun gedəcəyi təsdiqini tapdı. Artıq 100 kq-da da Tokioya kimin yollanacağı bəllidir. Bu, Zelim Kotsoyevdir. Elmar Qasımov dünya çempionatında öz görüşlərini çox zəif keçirdi. Verilən şanslardan istifadə edə bilmədi".

Sadıqovun sözlərinə görə, yalnız 66 və 73 kq-da olimpiadaya kimlərin gedəcəyi dəqiqləşməyib: "66 kq-da Hidayət Heydərovla Rüstəm Orucov, 73 kq-da isə Nicat Şıxəlizadə və Orxan Səfərov arasında seçim edəcəyik. Hələ vaxtımız var. Olimpiada öncəsi Xorvatiyada təlim-məşq toplanışımız olacaq. 15 gündən sonra tam heyəti açıqlayacağıq".

Federasiya rəsmisi olimpiada öncəsi Tokio şəhərinə yaxın yerdə hazırlıq keçəcəklərini söyləyib: "Milli komanda Qusarda hazırlaşır. Olimpiyaçılar dağda, 60 nəfərlik digər idmançı qrupu isə aşağıda məşq edir. 75 nəfərə yaxın cüdoçu təlim-məşq toplanışındadır. Daha sonra Xorvatiyaya gedəcəklər. Orada 8 günlük hazırlıqdan sonra Bakıda 1 həftəlik reabilitasiya olacaq. Ardınca isə Yaponiyaya adaptasiya məqsədilə toplanış nəzərdə tutulub. Bilirsiniz ki, Rioya 10 gün əvvəl getmişdik. Amma Yaponiya hökuməti bu dəfə bizə bu imkanı vermədi. Qərara aldıq ki, oraya yaxın bir yerə, Vladivostoka gedək. Bu məsələ də tam olaraq həllini tapıb. Milli Olimpiya Komitəsi də bizə bu işdə dəstək olur. Rusiya tərəfi ilə də danışılıb ki, orada 10 günlük təlim-məşq toplanışı keçək. Heyətimizin bir hissəsi iyulun 18-də, digərləri isə 23 və ya 24-ü olimpiadaya qatılacaq".

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi