Yuxarı
    Bağlamaq

    ​Cüdo üzrə "Böyük dəbilqə" turniri daha 4 il Bakıda keçirilə bilər

    Böyük dəbilqə turniri ilə əlaqədar mətbuat konfransı olub

    Bakı. 5 may. REPORT.AZ/ Bakıda təşkil olunacaq cüdo üzrə "Böyük dəbilqə" turniri ilə əlaqədar mətbuat konfransı keçirilib.

    "Report"un məlumatına görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) idman direktoru Daniel Laskau Azərbaycan Cüdo Federasiyasının son 15 ildə böyük irəliləyişə nail olduğunu bildirib.

    O deyib ki, "Böyük dəbilqə" dünya cüdoçuları üçün böyük əhəmiyyətə malikdir: "Bu yarışda Olimpiya, dünya və Avropa çempionatlarının qalib və mükafatçıları qatılacaq. Azərbaycan artıq Avropa, dünya və Olimpiya çempionlarına malikdir. Ölkənizdə ötən illə müqayisədə daha böyük inkişafın şahidiyik. Federasiyanıza, gənclər və idman nazirliyinizə və sponsorlara minnətdaram. Onlarla yanaşı, bir çox könüllünün xidmətindən yararlanacağıq. 3 gün davam edəcək yarışda yüksək səviyyəli döyüşlərin şahidi olacağımıza inanıram".

    D.Laskau Azərbaycanda qadın cüdosunun o qədər də güclü olmadığını söyləməklə yanaşı, güzəştli kartla təmsil olunma şanslarının olmadığını da vurğulayıb. Onun sözlərinə görə, güzəştli kart zəif ölkələrə verilir: "Azərbaycanın isə belə vəsiqəyə ehtiyacı yoxdur".

    Hakimlər Komitəsinin rəhbəri Berd Axiles yarışa hazırlığın yüksək səviyyədə olduğunu bildirib. O deyib ki, yarışı idarə edəcək hakimlərin çoxu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında da iş başında olacaqlar. B.Axilles yarışda 14 hakimin iş başında olacağını söyləyib.

    ACF-nin baş katibi Elmar Babanlı 4 il öncə "Böyük dəbilqə" kimi nüfuzlu yarışı Azərbaycana həvalə etdiyi üçün İJF-yə minnətdarlıq edib. O, turnirin daha 4 il Bakıda təşkili məqsədilə danışıqların aparılacağını söyləyib: "Bu yarış idmançılarımız üçün xal ehtiyatlarını yaxşılaşdırmaq və olimpiadaya lisenziya xallarını artırmaq baxımından yaxşı fürsətdir. İnanıram ki, cüdosevərlər üç gün ərzində gözəl cüdo mübarizəsinin şahidi olacaqlar".

    E.Babanlı hazırda peşəkar hakimlərin yetişdirilməsi ilə məşğul olduqlarını əlavə edib.

    Cüdo üzrə Azərbaycan millisinin məşqçisi Mövlud Mirəliyev yarışa yüksək səviyyədə hazırlaşdıqlarını bildirib. Mirəliyev bu yaxınlarda Avropa çempionatında 1 qızıl, 1 gümüş və ilk dəfə komanda yarışında 1 bürünc medal qazandıqlarını xatırladıb. Onun sözlərinə görə, "Böyük dəbilqə"də zədə üzündən Nicat Şıxəlizadə (66 kq) ilə Elmar Qasımov (100 kq) çıxış etməyəcəklər: "Ev sahibi kimi üstünlüyümüzdən yararlanacağımıza inanıram".

    Şansları dəyərləndirən Mirəliyev proqnoz verməyin çətin olduğunu söyləyib. Bununla belə, Mirəliyev 3-4 medal gözlədiklərini bildirib: "Bakıda 80-dən çox ölkə yarışacaq. İstərdik ki, hər çəkidə medalımız olsun. Xüsusilə əsas heyət üzvlərindən medal gözləyirik".

    Qeyd edək ki, "Böyük dəbilqə"yə mayın 6-da start veriləcək. Yarış 3 gün davam edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi