Bakı. 25 sentyabr. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Peter Zayzenbaher bu gün ictimaiyyətə təqdim olunub. "Report"un məlumatına görə, təqdimat mərasimində Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, vitse-prezident Elnur Məmmədli də iştirak edib.
Baş katib Elmar Babanlı baş məşqçi qarşısında konkret məqsəd qoyulmadığını bildirib və mütəxəssislə müqavilə şərtlərinə aydınlıq gətirib: "Qarşıdan "Rio-2016" olimpiadası gəlir. Bu olimpiadadan sonra müqavilə müddəti haqda ətraflı danışa biləcəyik. Müqavilənin sonrakı müqəddəratı nəticələrdən asılı olmayacaq. Hamımızın məqsədi cüdonu inkişaf etdirməkdir".
Federasiya prezidenti Rövnəq Abdullayevin hədəflərinin olimpiadaya 7 lisenziya olduğunu qeyd edən E.Babanlı bildirib ki, hazırkı vəziyyətdə reytinq cədvəlinə əsasən Azərbaycanın 4 idmançısının olimpiadada iştirakı gözlənilir və yerdə qalan lisenziya xalını da toplamaq mümkün olacaq.
Federasiyanın vitse-prezident Elnur Məmmədli isə komandanın 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında nəticə qazanmaq üçün görülməli olan işlərdən danışıb. O bildirib ki, qalan 9 ay ərzində federasiya rəhbərliyinə həkim və mütəxəssislər cəlb olunacaq: "Cüdo ailəsi olaraq əl-ələ verərək iş görəcəyik. İdmançı yarışdan öncə hər hansı bir xəstəlik keçirə və ya zədə ala bilər. Hansı idmançı məşqə ciddi yanaşır, hazırlaşırsa, o, tatami üzərində uğur qazanır".
Konfransda o da bildirilib ki, hazırda federasiyanın rəsmi saytının hazırlanması işləri gedir. Sayt hazır olduqdan sonra bütün məlumatlar orada yerləşdiriləcək.