Çin Qran Prisinin azərbaycanlı qalibləri: "Yarışa yüksək səviyyədə hazırlaşmışdıq"

Çin Qran Prisinin azərbaycanlı qalibləri: "Yarışa yüksək səviyyədə hazırlaşmışdıq" Nicat Şıxəlizadə: "Düşünmürdüm ki, ilk dəqiqədəcə “ippon”la qələbə qazana bilərəm"
Fərdi
21 Noyabr , 2015 10:53
Çin Qran Prisinin azərbaycanlı qalibləri: Yarışa yüksək səviyyədə hazırlaşmışdıq

Bakı. 21 noyabr. REPORT.AZ/ Çinin Tsindao şəhərində keçirilən Qran Prinin yarışın ilk günündə Azərbaycan millisinə qızıl medal qazandıran cüdoçular fikirlərini bölüşüblər. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində qalib olan İlqar Müşkiyev Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında yarışa yüksək səviyyədə hazırlıq keçdiklərini bildirib.

O, yeni rəhbərliyin göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə apardıqlarını söyləyib: "Bugünkü uğurlar göstərdi ki, düzgün yoldayıq. Olimpiadalar öncəsi bütün yarışlar gərgin keçir. Bu yarış da istisna deyildi. Artıq zaman göstərir ki, yüksək nəticə qazanmağa layiqiq və bu gün də bunu sübut etdik".

Müşkiyev rəqiblərindən heç birini xüsusi fərqləndirmək istəməyib. Onun fikrincə, cüdo artıq o dərəcədə inkişaf edib ki, hansısa idmançını xüsusi qeyd etmək düzgün çıxmaz: "Bütün görüşlərə final kimi yanaşırdım. Rəqiblərim də güclü idmançılar idilər. Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib, 60 kq çəki dərəcəsində 4 güclü rəqib var. Bu yarışdakı rəqibimin döyüş üslubu mənimkinə çox uyğun olduğundan, açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması görüşü öz xeyrimə bitirməyimə şərait yaratdı”.

Müşkiyev ikinci qarşılaşmasında komanda yoldaşı Orxan Səfərovla keçirdiyi görüş barədə də danışıb. O bildirib ki, Səfərov 60 kq çəki dərəcəsində öz sözünü deyən idmançılardandır. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etmirdi: "Döyüşümüz çox gərgin keçdi”.

Aparıcı cüdoçu gələn həftə Cənubi Koreyada keçiriləcək Qran Pri barədə də fikirlərini bildirib: "Çindəki yarışın ilk günü göstərdi ki, hazırlığımız yüksək səviyyədədir və fikrimcə, Koreyada da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın nəticəsinin bəhrəsi artıq görünməkdədir. Bu tempdə davam etməyə çalışacağıq".

“Çin Qran Prisi ən güclü turnirlərdən biridir və biz bu yarışa çox ciddi hazırlaşmışdıq. Məqsədimiz qalib olub olimpiyadaya lisenziya xallarını artırmaq idi. Bu tapşırığın öhdəsindən gəldim və 300 xalı götürərək reytinq cədvəlində yerimi möhkəmləndirdim”. Bunu isə ilk yarış gününün digər qalibi Nicat Şıxəlizadə deyib. 66 kq çəki dərəcəsində çıxış edən təcrübəli cüdoçu ilk və yarımfinal görüşlərinin daha çətin keçdiyini bildirib: Buna baxmayaraq, qalib gələ bildim. Monqolustanlı Tumurxuleq Davaadorjla final görüşünə də inamla çıxmışdım, amma düşünmürdüm ki, ilk dəqiqədəcə “ippon”la qələbə qazana bilərəm. Çünki rəqibim çox güclü idmançı idi".

Şıxəlizadə yeni baş məşqçi Peter Zayzenbaxerin rəhbərliyi altında məşqlərin çox yüksək səviyyədə keçdiyini də vurğulayıb. O, son zamanlar iştirak etdikləri bütün yarışlarda yüklənmə ilə və dincəlmədən çıxış etdiklərini söyləyib: "Bu, bizim məşqçinin proqramıdır. Ona güvənirik. Qarşıda daha yaxşı nəticələrin olacağına inanırıq. Gələn həftə Cənubi Koreyada keçiriləcək Qran Prinin də bizim üçün uğurlu olacağına inanıram. Ümid edirəm ki, orda da komandamız layiqincə çıxış edib medallar qazanacaq".

Qeyd edək ki, Azərbaycanın 11 cüdoçusunun mübarizə apardığı Çin Qran Prisinə noyabrın 22-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi