Cənubi koreyalı sabiq baş məşqçi: "Qarabağ hadisələrinə baxanda ürəyim ağrıyır" - MÜSAHİBƏ

Cənubi koreyalı sabiq baş məşqçi: "Qarabağ hadisələrinə baxanda ürəyim ağrıyır" - MÜSAHİBƏ Sun Mi Park: "Yolda gəzərkən adamlar "Bu, çinlidir, kitayskidir" deyə söz atırdılar"
Fərdi
26 Yanvar , 2017 17:39
Cənubi koreyalı sabiq baş məşqçi: Qarabağ hadisələrinə baxanda ürəyim ağrıyır - MÜSAHİBƏ

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın qadın taekvondoçulardan ibarət milli komandasının sabiq baş məşqçisi Sun Mi Park vətəni Cənubi Koreyaya qayıtmazdan öncə "Report"un qonağı olub. 45 yaşlı mütəxəssis söhbət zamanı taekvondoçu Fəridə Əzizovanın ittihamları ilə razılaşmadığını bildirsə də, ona mətbuat vasitəsilə cavab verməkdən imtina edib.

Əvəzində o, digər sualları cavablandırıb...

- Azərbaycanda ayrı-ayrı vaxtlarda iki dəfə çalışdınız. Bunları bir-biri ilə müqayisə etdikdə nələr söyləyə bilərsiniz?

- İlk dəfə 2010-cu ildə Azərbaycana gəlmişdim. Həmin vaxt da çoxlu qadın taekvondoçu var idi. Amma səviyyələri çox aşağı idi. Bununla belə, çalışdıq ki, hər hansı nəticəyə imza ataq. Onlardan Fəridə Əzizovanın 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmasına nail olduq. Amma olimpiadada nəticə verə bilmədik. Buna görə federasiya prezidenti Kəmaləddin Heydərovdan üzr istədim. Amma ikinci dəfə aldığım dəvətə yaxşı nəticə ilə cavab vermək istədim. Bu mənada 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Patimat Abakarovanın bürünc medal qazanması çox xoş oldu.

- "Rio-2016"da 2 qadın taekvondoçuya 1 bürünc medal və 5-ci yer Azərbaycan yığmasının ən yüksək göstəricisidir, yoxsa bundan da yaxşı nəticə göstərmək olardı?

- Bura gələrkən federasiyaya fiziki hazırlıq üzrə məşqçi də götürmələrini təklif etdim. Həmin məşqçi ilə 1,5 il ərzində taekvondoçuların fiziki hazırlıqlarının yüksəldilməsi üzərində çalışdıq. Beləliklə, əvvəlkindən 3-4 dəfə yüksək nəticə göstərdik. Gələcəkdə də bu cür sistemlər olsa, daha yüksək nəticələr göstərmək olar. Hələlik Azərbaycanda səviyyəli qadın taekvondoçular azdır, resurslar elə də geniş deyil.

- Ona görəmi son vaxtlar taekvondoçu qadınlar sırasında legionerlərin sayı çoxalıb?

- Azərbaycan yığmasına ilk dəfə gəldiyim vaxt yalnız yerli taekvondoçularla çalışırdım. Amma bu dəfə komandada müxtəlif ölkələrin idmançıları məşq edirdilər. Mən təkcə əcnəbilərlə yox, yerli taekvondoçularla da işləməyə çalışdım. Amma indi 2000-2001-ci il təvəllüdlülərlə çalışırdıq. Onlar böyüdükdən sonra gələcəkdə medallar qazana biləcəklər.

- Daha yaxşı iş təklifi aldığınız üçün Azərbaycan yığmasından ayrıldığınız açıqlanıb. Sirr deyilsə, harada çalışacaqsınız?

- Hələ tam açıq nəsə deyə bilmərəm. Bir neçə aydan sonra dəqiqləşəcək.

- Azərbaycandan hansı hisslərlə ayrılırsınız: Xoşunuza gəlib-gəlməyən nələr oldu?

- Azərbaycan xalqı çox mehribandır. Bir az yaxınlaşsan, ailə kimi sənə yaxın olurlar. Yaşadığım evin ətrafındakı hər kəs - taksi sürücüsü, meyvə-tərəvəz satıcısı, restoran işçisi və s. ilə yaxın olduq. Onlar insana mehribancasına yanaşırdılar.

- Sizə nələr qəribə gəldi?

- Bakıda yolda gəzərkən adamlar "Bu, çinlidir, kitayskidir" deyə söz atırdılar (gülür). Bundan başqa nəsə bəyənmədiyim bir şey yoxdur.

- Bir taekvondoçu kimi niyə həmin insanların elə yerindəcə cavabını vermirdiniz?

- Mən həmişə elə adamlara deyirdim ki, mən koreyalıyam, çinli deyiləm.

- Koreya ilə Azərbaycanın oxşar cəhətləri hansılardır?

- Çoxdur. İnsanlar arasında isti münasibət var. Avropalıların daxilində belə hiss yoxdur.

- Azərbaycan mətbəxindən nəyi bəyəndiniz?

- Şorba, dolma, kabab yeməklərini daha çox sevdim.

- Azərbaycanda olduğunuz müddətdə torpaqlarımızın işğal altında olması səbəbləri ilə maraqlanırdınız? Ümumiyyətlə, Qarabağ haqda məlumatınız var?

- Koreyada da müharibədən sonra torpaqlar ayrılıb. Qarabağ hadisələrinə baxanda ürəyim ağrıyır.

- Bəs Şimali Koreya liderinin qəribə qərarları, hərəkətlərini görəndə Sizə necə təsir edir?

- Biz onun dediklərinə fikir vermirik.

Son xəbərlər

Orphus sistemi