Bakı. 11 aprel. REPORT.AZ/ Birləşmiş Ştatların Ayova ştatında keçirilən sərbəst güləş üzrə Dünya Kubokunda Azərbaycan komandasının bəzi üzvlərinə qarşı hakimlər tərəfindən haqsızlıq edilib.
Bunu “Report”a açıqlamasında Avropa çempionu Cəbrayıl Həsənov deyib.
Güləşçi final görüşündə məğlub olmasına belə münasibət bildirib:
"Final görüşündə ilk saniyələrdə fənd çıxışı etdim, 4 xal verməli olduqları halda, hakimlər 2 balla qiymətləndirdilər. Son saniyələrdə yenə 2 xallıq fənd işlətdim, xalı rəqibə verdilər. Yəni tək mən yox, bəzi komanda yoldaşlarımıza qarşı da haqsızlıq olundu. Bizim üçün bu, Avropa çempionatı öncəsi böyük uğurdur. Sonuncu dəfə 2012-cu ildə Bakıda ikinci yeri tutmuşduq. Avropa çempionatında əlimizdən gələni etməyə çalışacağıq".