Camal Tağıyev: “Səmərəli məşq və düzgün taktika qalib olmağımıza imkan yaratdı”

Camal Tağıyev: “Səmərəli məşq və düzgün taktika qalib olmağımıza imkan yaratdı” “Majestic Warrior” bizim ən yaxşı atımızdı və gələn ildən beynəlxalq yarışlara aparacağıq”
Fərdi
8 Avqust , 2017 17:13
Camal Tağıyev: “Səmərəli məşq və düzgün taktika qalib olmağımıza imkan yaratdı”
Report.az

Bakı. 8 avqust. REPORT.AZ/ “Majestic Warrior” indiyə qədər qatıldığı səkkiz yarışın hamısında qalib gəlsə də, heç bir tunir bizim üçün asan keçmir. Çünki ingilis cinsindən olan bu at Almaniyadan gəldiyi halda, rəqiblər də İngiltərə, Fransa, Belçika kimi ölkələrdən gətiriliblər. Ona görə də bütün yarışlar çətin olub. Öz məşqlərimizlə qalib gəlməyimiz üçün əlimizdən gələni etmişik”.

Bunu “Report”a açıqlamasında atçılığın cıdır növü üzrə keçirilən “Böyük Bakı Derbi” turnirində “Majestic Warrior” ləqəbli atla birinci yeri tutan Məcid Məmmədovun baş məşqçisi Camal Tağıyev deyib.

O bildirib ki, “Böyük Bakı Derbi” turnirində düzgün taktika seçimi sayəsində qalib olublar: “Yarışın daha sürətli keçməyini gözləyirdik. Lakin hava şəraiti buna mane oldu. Bir turnirdə 3-5 yaxşı at iştirak edirsə, burada əsas məsələ düzgün taktika seçimidir. 2400 metrlik məsafə elədir ki, at yerindən finişə qədər eyni sürətlə gələ bilməz. Məşqi səmərəli keçməyimiz və düzgün taktika seçməyimiz qalib olmağımıza imkan yaratdı. “Majestic Warrior” qatıldığı bütün yarışlarda birinci yeri tutsa da, fərqli rəqiblərlə mübarizə aparıb. Bizə daimi rəqib olan yoxdur”.

Buta Golden Atçılıq İdman Klubunda fəaliyyət göstərən C.Tağıyev “Majestic Warrior”u 2018-ci ildən etibarən beynəlxalq yarışlara aparacaqlarını deyib: “Klub rəhbərliyi bizim üçün lazım olan şəraiti yaradıb. Atların yetişdirlməsi, məşq prosesi, gəzinti və qidalanma üçün köməkliklərini əsirgəmirlər. “Majestic Warrior” bizim ən yaxşı atımız olduğu üçün onu birdən-birə yükləmək istəmirik. O, daxili yarışlarda bərkidikdən sonra böyük turnirlərə aparacağıq. Hələ 3 yaşı var. İnşallah, gələn ildən ölkə xaricinə aparacağıq”.

Qeyd edək ki, Camal Tağıyev Azərbaycanın ilk usta jokeyi, 21 aprel 1956-cı il tarixində SSRİ rəhbəri Nikita Xruşşovun 30 illik yubiley hədiyyəsi olaraq Londona apardığı “Zaman” ləqəbli Qarabağ atını Böyük Britaniya Kraliçası II Yelizavetaya təqdim edən Əli Tağıyevin nəvəsidir. O, 2012-ci ildə II Yelizavetanın hakimiyyətə gəlməsinin 50 illiyi ilə əlaqədar Londona dəvət olunub və 3 Qarabağ atını kraliçaya nümayiş etdirib.  

Son xəbərlər

Orphus sistemi