Yuxarı

Cahangir Əsgərovla İWF prezidentinin görüşündə dopinq məsələsi müzakirə edilib

Bəzi azərbaycanlı ağır atletlərin dopinq testinin müsbət çıxmasından narahatçılıq ifadə olunub

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbəri Cahangir Əsgərov Bakıda səfərdə olan Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) prezidenti Tamaş Ayanla görüşüb. AAAF-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə gənclər və idman naziri Azad Rəhimov, onun müavini İsmayıl İsmayılov, nazirliyin Dopinqlə mübarizə sektorunun rəhbəri İradə Rüstəmzadə və yerli federasiyanın rəhbər və məşqçi heyəti iştirak edib. 

Söhbət zamanı C.Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafına göstərdiyi diqqətdən danışıb. O bildirib ki, ölkədə idman infrastrukturunun inkişafı üçün kompleks işlər görülür, geniş maddi-texniki bazaya malik idman infrastrukturu yaradılıb, idmanın inkişafı üzrə dövlət proqramları qəbul edilib və idmançıların sosial problemləri uğurla həll olunur.

T.Ayan öz növbəsində qeyd edib ki, İWF-yə üzv olan heç bir ölkədə idman sahəsində belə sürətli inkişaf və dövlət dəstəyi görməyib.

Görüşdə həmçinin ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatının yekunlarına əsasən, bəzi azərbaycanlı ağır atletlərin dopinq testinin müsbət çıxmasından narahatçılıq ifadə olunub. Qeyd edilib ki, idmanda dopinq məsələləri Azərbaycanda ciddi narahatçılıq doğurur. Bu məsələyə ən yüksək səviyyədə baxılır və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün ciddi tədbirlər görülür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi