İlqar Rəhimov: “Prezident İlham Əliyevin həm də MOK-a rəhbərlik etməsi üzərimizə böyük məsuliyyət qoyur”

İlqar Rəhimov: “Prezident İlham Əliyevin həm də MOK-a rəhbərlik etməsi üzərimizə böyük məsuliyyət qoyur” “Cənab prezident 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edəndən bəri ölkə idmanı sürətlə inkişaf etməyə başlayıb. Ötən müddət ərzində Azərbaycan idman ölkəsinə çevrilib və saysız-hesabsız qələbələrimiz, ev sahibliyi etdiyimiz mötəbər turnirlər olub”.
Fərdi
11 Aprel , 2019 13:48
İlqar Rəhimov: “Prezident İlham Əliyevin həm də MOK-a rəhbərlik etməsi üzərimizə böyük məsuliyyət qoyur”

“Cənab prezident 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edəndən bəri ölkə idmanı sürətlə inkişaf etməyə başlayıb. Ötən müddət ərzində Azərbaycan idman ölkəsinə çevrilib və saysız-hesabsız qələbələrimiz, ev sahibliyi etdiyimiz mötəbər turnirlər olub”.

Bunu “Report”a açıqlamasında Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov deyib. 

Qurum rəhbəri bildirib ki, hazırda da idmanın inkişafı yönündə böyük işlər görülür: “Bu gün dövlət başçısı cənab İlham Əliyevin prezident seçkilərində növbəti dəfə qələbə qazanmasının ildönümüdür. Ötən bir ildə də çoxlu qələbə və nailiyyətlərimiz olub. Hazırda Milli Paralimpiya Komitəsi olaraq, bütün diqqətimiz 2020-ci ildə Tokioda keçiriləcək Yay Paralimpiya Oyunlarına yönəlib”.

İ.Rəhimov deyib ki, Prezident İlham Əliyevin həm də Milli Olimpiya Komitəsinə (MOK) rəhbərlik etməsi idmançılar üçün əlavə üstünlükdür: “Qazandığımız bütün uğurlarda və inkişafda əsas dayağımız cənab prezidentimizdir. Onun çox yaxşı bir sözü var. Bizə “Mən paralimpiyaçıların dostuyam” deyir. Prezidentin paralimpiyaçıların dostu olması bizə böyük şanslar yaradır. Ümumiyyətlə, idman ictimaiyyəti olaraq hesab edirəm ki, digər sahələrlə müqayisədə üstünlüyə malikik. Çünki cənab Prezident ölkə başçısı olması ilə bərabər, eyni zamanda MOK-un prezidentidir. Onun idman həyatına, idman ictimaiyyətinə, idmançılara bir addım daha yaxın olması bizüm üçün üstünlükdür və təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Biz bunu dərk edirik. Cənab prezidentin verdiyi tapşırıqları, bu sahəyə olan diqqəti və qayğısını başa düşərək, işlərimizi daha da irəli aparmalıyıq”.

MPK prezidentinin sözlərinə görə, hazırda ölkədə yeni paralimpiyaçı nəslinin yetişməsi üçün səmərəli iş aparılır: “Regionlarda seleksiya işləri həyata keçiririk. Çünki Paralimpiya Oyunlarında iştirak edən bəzi idmançılarımız müəyyən yaş həddinə çatıblar və fiziki dəyişikliklərə məruz qalırlar. Təbii ki, ehtiyat kadrları hazırlamalıyıq. Söhbət bu bir ildə gördüyümüz işlərdən gedir. Eyni zamanda uşaq paralimpiya hərəkatının inkişafını düşünürük. Ehtiyat kadrların formalaşmasında uşaq paralimpiya hərəkatı mühüm və həlledici rol oynayır. Bu ildə həm uşaqların, həm də böyüklərin idmanı ilə bağlı işlər görmüşük. Gündəlik işlərimiz də həyata keçirilir. Onların tibbi hazırlıqları, dərmanlarla təminatı, təlim-məşq toplanışının keçirilməsi və müxtəlif yarışlara göndərilməsi ilə məşğul oluruq. Yarışlarda iştirak etməsək, lisenziya xalları qazana bilmərik". 

Komitə rəhbəri 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanmaq imkanına malik idman növlərindən də danışıb: "Pauerliftinqdə artıq real şanslarımız var. Cüdo və üzgüçülükdə isə lisenziya imkanlarımız yaranıb. Eyni sözü güllə atıcılığı, atletika, para-taekvondo, boccia və kamandan oxatmaya da şamil etmək olar”.

Mayın 13-14-də Bakıda ilk dəfə paracüdo üzrə Qran-prinin təşkil olunacağını xatırladan İ.Rəhimov yarışa ciddi hazırlaşdıqlarını diqqətə çatdırıb: “Bu il IBSA (Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası - red.) ilə danışıqlara getdik və Azərbaycanda ilk dəfə cüdo üzrə Qran-prinin təşkilinə nail olduq. Mayda keçirəcəyimiz yarışa çox ciddi hazırlaşırıq. Lisenziya xarakterli Qran-pridə 40-dək ölkədən təxminin 250 idmançının iştirakı gözlənilir. Çox mötəbər yarışdır. Eyni zamanda burada idmançılar üçün tibbi təsnifat da təşkil olunacaq. Bu da bir amildir. Azərbaycanda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları, I Avropa Oyunları, eləcə də Avropa və dünya çempionatları kimi, bu yarışı da yüksək səviyyədə təşkil etməyə çalışacağıq”.

Son xəbərlər

Orphus sistemi