Bu gün İspaniyada şahmat üzrə Qran-pri seriyasının yekun mərhələsi başlayır

Bu gün İspaniyada şahmat üzrə Qran-pri seriyasının yekun mərhələsi başlayır Teymur Rəcəbovun ilk rəqibi müəyyənləşib
Fərdi
16 Noyabr , 2017 08:56
Bu gün İspaniyada şahmat üzrə Qran-pri seriyasının yekun mərhələsi başlayır

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında şahmat üzrə FİDE Qran Prisi seriyasının yekun mərhələsi start götürür.

“Report” xəbər verir ki, bu mərhələnin yekununda dünya şahmat tacına İddiaçılar Turnirinin son iştirakçıları müəyyənləşəcək. İddiaçılar Turnirinin qalibi dünya çempionu adı uğrunda matçda norveçli Maqnus Karlsenin rəqibi olacaq. Dörd mərhələnin yekunu üzrə Qran Pridə ilk iki yer uğrunda dörd qrossmeyster – rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov, həmçinin fransalı Maksim Vaşye-Laqrav idda edir. Məmmədyarov artıq çıxışlarını başa vurubsa, Rəcəbov son şansından yararlanmağa çalışacaq. Onun ilk rəqibi rusiyalı Aleksandr Ryazantsev olacaq. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. 

Qeyd edək ki, mükafat fondu 420 min avro olan İddiaçılar Turniri 10 – 28 mart 2018-ci ildə Almaniyanın paytaxtı Berlində təşkil ediləcək. Yarışa 8 şahmatçı qatılacaq və onlar 14 turdan ibarət 2 dövrəlik mübarizənin yekununda qalibi müəyyənləşdirəcəklər. Turnirdə xüsusi dəvətli Vladimir Kramnik, dünya ikincisi Sergey Karyakin ( hər ikisi Rusiya), Dünya Kubokunun qalibi Levon Aronyan (Ermənistan), finalçı Din Lijen (Çin), FİDE reytinqində ilk iki pillədə qərarlaşmış qrossmeysterlər, eləcə də Qran Pri seriyasının iki ən yaxşı şahmatçısı qatılacaq. Azərbaycan şahmatçıları – Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov hələlik FİDE Qran Prisində ilk "üçlük”də qərarlaşıb. Məmmədyarov 340 xalla 1-ci, Rəcəbov isə 241,43 xalla 3-cü sıradadır. İkinci pillədəki rusiyalı Aleksandr Qrişukun isə 336,43 xalı var.

Son xəbərlər

Orphus sistemi