Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Vüqar Həşimov memorialın - “Şhamkir Chess-2019” turnirinin açılış mərasimi öncəsi jurnistlərin suallarını cavablandırıb. "Report"un Şəmkir şəhərinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Məmmədyarov öncə turnirin favoriti barədə fikrini bölüşüb:
“Sözsüz ki, Maqnus Karlsen favorit sayılır. Ümumiyyətlə, o, bütün turnirlərin 90 faizində qalib olmağa əsas namizəddir. Amma bu dəfə birinci olmağa çalışacağam. Çünki 2 dəfə qələbə qazanmışam”.
Azərbaycan şahmat tarixində 2800 əmsalını adlayan hələ ki, yeganə şahmatçı daha sonra son zamanlar uğursuz çıxışından danışıb: “Bir turnir mənim üçün uğursuz oldu. Amma sonradan yaxşı oldu”.
Şahmatçı iddialıların turnirinə vəsiqə qazanmaq şansından danışıb: “Bir az çətin olacaq. Artıq reytinqə görə 2 deyil, 1 idmançı getməlidir. Buna görə çətinlik yaranacaq”.
Məmmədyarov sponsor məsələsinə də aydınlıq gətirib. O, gödəkcəsində yazılmış “S” hərfindən danışıb: “Bu geyim sadəcə, sponsorun mənə bir hədiyyəsidir. Sponsor məsələləri haqqında sonra danışacağıq”.
“Azərbaycanın gənc şahmatçılarından kimi 2700+ əmsalına iddialı sayırsınız” sualına isə o, heç də pozitiv cavab verməyib: “Belə ad çəkəcəyim adam yoxdur. Təəssüf ki, son zamanlar ölkəmizdə şahmatın inkişafı zəifləyib. Gənclərdə o qədər perspektiv görünmür ki, kimisə xüsusi qeyd edim”.
Azərbaycan yığması indiyədək heç vaxt Şahmat Olimpiadalarında medal qazanmayıb. Məmmədyarov bunun səbəbini belə izah edib: “Son Olimpiadada uğursuz çıxış etdik. Bəli, zaman-zaman medalların bir addımlığında dayanmışıq. Amma alınmayıb. İndiyə qədər medal qazanmamışıq. Amma növbəti Olimpiadaya ümid var. Buna var gücümüzlə çalışacağıq”.