Azərbaycan boksçusu olimpiadaya lisenziya xarakterli turnirin 1/4 finalında uduzub

Azərbaycan boksçusu olimpiadaya lisenziya xarakterli turnirin 1/4 finalında uduzub Kamran Şahsuvarlı irlandiyalı idmançının qalib olmasını gözləməlidir
Fərdi
23 İyun , 2016 16:22
Azərbaycan boksçusu olimpiadaya lisenziya xarakterli turnirin 1/4 finalında uduzub

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan boksçusu Kamran Şahsuvarlı Bakıda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Təsnifat Turnirində 1/4 final döyüşünə çıxıb. 

"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsindəki rəqib "Bakı 2015" I Avropa Oyunlarının qalibi, irlandiyalı Maykl O Rilli olub. 

İlk 2 raundda hakimlər O Rillini, sonuncuda isə Şahsuvarlını üstün sayıb. Yekun nəticədə isə Şahsuvarlı 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Bununla belə, Azərbaycan boksçusu olimpiadaya lisenziya şansını qoruyur. Bunun üçün irlandiyalı boksçu turnirin qalibi olmalıdır. O Rilli qızıl medal qazansa, Şahsuvarlı məhz ona uduzduğu üçün yarışı 5-ci pillədə başa vuracaq və reqlamentə əsasən, "Rio-2016"ya vəsiqə qazanacaq. 

Bu gün rinqə daha bir azərbaycanlı idmançı, 81 kq-da döyüşən Teymur Məmmədov da çıxacaq. "Bakı 2015"in qalibi 1/4 finalda mərakeşli Hassan Saadla qarşılaşacaq.

İyunun 24-də isə 49 kq çəkidə yer alan Rüfət Hüseynov meksikalı Xoselito Velaskes Altamirano ilə yarımfinalda qarşılaşacaq. Bu çəkidə finala yüksələn boksçu "Rio-2016"ya vəsiqə əldə edəcək.

Azərbaycan bugünədək Rio-2016-ya boks növündə 8 lisenziya qazanıb. Onlardan 7-si kişi, 1-i qadın dəri əlcək ustalarının payına düşür. 

Qeyd edək ki, Dünya Təsnifat Turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir. 75 kq. və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycanın hər 3 boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət komanda olimpiadaya tam heyətlə qatılacaq.

Son xəbərlər

Orphus sistemi